Çin prezidenti koronavirusun episentri olan Uhanı ziyarət edib

Çin prezidenti Şi Tsinpin çərşənbə axşamı Çində 80.000-dən çox insanın yoluxmasına və 3100 adamın ölümünə səbəb olan koronavirusun yayılma mərkəzi olan Uhan şəhərinə ilk dəfə olaraq səfər edib.

Çinin dövlət mediası Şi Tsinpinin tibb işçilərinə və xəstələrə baş çəkəcəyini və epidemiyaya qarşı mübarizə səylərini yoxlayacağını bildirib.

Səfər səhiyyə işçilərinin ölkədə daha az ölüm və yoluxma halları tendensiyasının davamı olaraq, Çində çərşənbə axşamı 19 yeni yoluxma halı haqda məlumat verdiyi, digər ölkələrdə isə virusun daha sürətlə yayıldığa başladığı bir vaxta təsadüf edib. Çində yoluxanların 70% -i artıq sağalıb.

Çinin izdihamlı toplaşmalar və ölkənin başqa yerlərinə səyahət edənlər arasında epidemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü tədbirlərin əsas hissəsi böyük ərazilərin karantinə alınmasından ibarət idi.

9000-dən çox yoluxma və 460-dan çox ölümün halı ilə Çindən kənarda epidemiyanın ən çox yayıldığı ölkəyə çevrilən İtaliya hazırda eyni strategiyanı həyata keçirir.

İtaliya hökuməti əvvəlcə ölkənin şimal hissəsində məhdudiyyətlər qoydu, ancaq çərşənbə axşamı 60 milyon əhalisi olan bütün ölkəyə səyahət məhdudiyyətləri tətbiq etdi.

Baş nazir Cüzeppe Konte xalqa televiziya ilə müraciətində karantin tədbirlərinin "Mən evdə qalıram" ifadəsi ilə ümumiləşdirilə biləcəyini qeyd edib.

İranda rəsmilər çərşənbə axşamı koronavirusdan daha 54 nəfərin öldüyünü və ölənlərin sayının 291-ə çatdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri koronavirusun bir çox ölkələrdə yayıldığını və "pandemiya təhlükəsinin çox real duruma gəldiyini" qeyd edib. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus nikbin danışaraq, bunun "tarixdə ilk dəfə olaraq idarə edilə bilən pandemiya olacağını" deyib. Tedros "qətiyyətli, erkən hərəkət" etməklə dünya liderlərinin xəstəliyin yayılmasını ləngidə biləcəyini və infeksiyaların qarşısını ala biləcəyini söyləyib. O qeyd edib ki, "yoluxanlar arasında çoxu sağalacaq".

Təxminən 600 yoluxma və 26 ölüm hadisəsi olan ABŞ-da epidemiya baş verən bir neçə bölgədə böyük toplantıların keçirilməsinə qadağalar qoyulur, böyük universitetlər, o cümlədən, Stanford, Vaşinqton Universiteti və Ohayo Dövlət Universiteti yalnız onlayn olaraq dərslərə davam edir.

Konqresin dörd üzvü son siyasi konfransda sonradan virus aşkarlanan şəxslə ünsiyyətdə olduğu üçün özlərini karantinə alıblar. Ağ Ev aparatının rəhbəri Mark Midovs da çərşənbə gününə qədər özünü karantinə alıb.