Çex Respublikasının cənub-şərqindəki axtarış-xilasetmə qrupları cümə axşamı baş verən nadir qasırğanın ən azı üç nəfərin ölümünə, 100-dən çox insanın isə yaralanmasına səbəb olduğunu bildirir. Xilasetmə qrupları cümə günü qasırğadan sağ qalanları qurtarmaq üçün bir-bir evlərdə axtarış aparıldığını xəbər verir.
Qonşu Avstriya və Slovakiyadan gələn təcili yardım qrupları Çex ordusuna qoşularaq Praqdan təxminən 270 kilometr cənub-şərqdə, Avstriya ilə sərhəddə axtarış-xilasetmə işləri aparır.
Qasırğa ən azı yeddi kəndə ziyan vurub. Çexiya xəbər agentliyi CTK mer Hruskiyə istinadən bildirir ki, onun rəhbərlik etdiyi kəndin yarısı yerlə-yeksan olub.
Mikulçitse kəndinin sakinləri isə Reuters xəbər agentliyinə bildirib ki, onların kəndi tamamilə dağılıb.
Çex televiziyasının meteoroloqu tornadonun Fujita şkalasına əsasən F3-F4 gücündə olduğunu, küləyin sürətinin isə saatda 267-322 kilometrə çatdığını bildirib. O həmçinin qeyd edib ki, bu təbii fəlakət ölkə tarixində baş verən ən güclü qasırğadır.
Qasırğa ilə birlikdə tennis topu böyüklüyündə dolunun yağdığı xəbər verilir.
Bu, 2018-ci ildən bəri Çex Respublikasında qeydə alınmış ilk tornadodur. Cümə axşamı Slovakiya və Polşada da tornadoların baş verdiyi bildirilir.
Qasırğalar Avropanın şərq hissəsinin əksəriyyətində yüksək istilərin müşahidə oldunduğu bir vaxt baş verib.