İranın İsfahan şəhərində minlərlə insan suyun kəsilməsinə və İranın üçüncü böyük şəhərindən keçən çayın qurumasına etiraz etmək üçün mitinqə qatılıb.
Noyabrın 19-da dövlət televiziyasında yayımlanan görüntülərdə və sosial şəbəkələrdə yayımlanan videolarda İsfahan əyalətinin hər yerindən fermerlərin və digərlərinin qurumuş çay yatağında və şəhərin başqa yerlərində toplaşaraq “Zəyandə Rud çayını geri verin” kimi şüarlar səsləndirdikləri əks olunub.
Birinci vitse-prezident Məhəmməd Moxber bildirib ki, İsfahan və digər yerlərdə su problemini həll etmək üçün bu məsələ ilə bağlı görüşlər keçirilir.
Noyabrın 8-də İsfahanda etiraz hərəkatı başlayıb və keçən həftə bir neçə nümayişçi çay yatağında çadırlar qurub.
Son illər İranda oxşar etirazlar keçirilib.
İyul ayında ölkənin cənub-qərbindəki Xuzistan əyalətində geniş su qıtlığı fonunda ölümlə nəticələnən mitinqlər baş tutmuşdu.
İran Meteorologiya Təşkilatı ölkənin təxminən 97 faizinin müəyyən dərəcədə quraqlıqla üzləşildiyini bildirib.
Rəsmilərin yanlış idarəçiliyi də su böhranının əsas səbəbi kimi göstərilib.