Zərif: ABŞ `İranı diz çökdürməyə` çalışır

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Birləşmiş Ştatların Tehranın beynəlxalq neft ticarətinə mane törətmək istəyərək, “İranı diz çökdürməyə” və Tehran hökumətini devirməyə çalışmaqda ittiham edib.

ABŞ-ın Fox tele kanalına müsahibəsində Zərif deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderindən ibarət “B komandası” ABŞ prezidenti Donald Trampın “onun istəmədiyi qarşıdurmaya” sürükləməyə çalışır.

“Onlar ABŞ-ı azından İran rejimini dəyişmək məqsədilə müharibəyə sürükləməyə çalışır” – deyə, Zərif bildirib.

Fox tele kanalına müsahibə verən milli təhlükəsizlik müşaviri Con Bolton isə ABŞ-ın məqsədinin rejimi deyil, onun davranışını dəyişməkdən ibarət olduğunu deyib. O xüsusilə nüvə silahları və ballistik raket sınaqlarını vurğulayıb.

“İran xalqı daha yaxşı hökumətə layiqdir”, Bolton bildirib.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

Con Bolton Zərifin ittihamlarının “tamamilə mənasız və dezinformasiya yaymaq cəhdləri” olduğunu deyib.

Zərif bundan öncə dövlətə məxsus İRİB agentliyinə müsahibəsində İranın Birləşmiş Ştatların sanksiyaları sərtləşdirməsindən sonra nüvə silahlarının yayılmamasına dair sazişdən çıxa biləcəyini bildirib.

“İslam Respublikasının seçimləri çoxdur və ölkə rəsmiləri onları nəzərdən keçirir…və nüvə silahlarının yayılmamasına dair saziş də onlardan biridir”, Zərif dövlətə məxsus İRİB agentliyinə müsahibəsində deyib.

Tramp administrasiyasının 2015-ci ildə dünya qüdrətləri və İran arasında imzalanmış nüvə razılığından çıxmasından və bunun ardında sanksiyaları yenidən bərpa etməsindən sonra Tehran və Vaşinqton arasında gərginliklər daha da artıb.

İran ABŞ prezidenti Donald Trampın 2015-ci il Birləşmiş Ştatlar, Rusiya, Çin, Almaniya, Britaniya və Fransanın Tehranla imzaladığı nüvə sazişindən çıxmasından sonra bundan öncə də nüvə silahlarının yayılmamasına dair sazişdən çıxmaqla hədələyib.

İran həmçinin Avropa qüdrətlərinin Tehranın iqtisadi fayda almasına imkan yaratmadığı halda 2015-ci il nüvə sazişindən çıxa biləcəyi ilə hədələyib.

Avropa ölkələri Tehranın sazişin şərtlərinə əməl etməyə davam etdiyi müddətdə şirkətlərin İranla biznes əlaqələrinə yardım edəcəklərini bildirib. Lakin Tehran İran və Avropa arasında ticarətdə vəd edilmiş ödəniş mexanizmi ilə bağlı ləng irəliləyişi tənqid edir.

“Avropalıların bir ili var idi, lakin təəssüf ki, onlar heç bir praktiki tədbirlər görməyiblər”, Zərif İRİB agentliyinə müsahibəsində bildirib.