Zəngilanda körpülərin altında partlayıcı qurğu aşkarlandığı bildirilir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) dekabrın 30-da Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş xüsusi partlayıcı qurğunu zərəsizləşdirməsi barədə məlumat yayıb.

“Xüsusi əməliyyat nəticəsində körpünün altına yerləşdirilmiş 1 ədəd partlayıcı qurğu (tərkibi: 80 kq plastik partlayıcı maddə, 2 ədəd elektrik detonatoru və 20 metr detonasiya qaytanı) və qayalıq əraziyə yerləşdirilmiş 1 ədəd digər partlayıcı qurğu (tərkibi: 37 kq plastik partlayıcı maddə, 25 kq amonium-nitrat tərkibli partlayıcı, 2 ədəd elektrik detonatoru və 15 metr detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib,” agentliyin məlumatında deyilir.

ANAMA bildirir ki, ümumiyyətlə 29-30 dekabrda Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində həyata keçirilmiş xüsusi antiterror əməliyyatları zamanı 2 körpünün altına və qayalıq əraziyə yerləşdirilmiş 3 ədəd partlayıcı qurğu (tərkibi: 275 kq plastik partlayıcı maddə, 150 kq amonium-nitrat tərkibli partlayıcı, 8 ədəd elektrik detonatoru və 65 metr detonasiya qaytanı) aşkar edilərək zərərsizləşdirilib.

Ermənistan tərəfi bu məlumata hələ münasibət bildirməyib.

Ekspertlər münaqişə ərazisində 100 minədək mina basdırıldığını, çoxsaylı partlamış və patlamamış sursatın qalıqlarının olduğunu güman edir.

Xatırladaq ki, Zəngilan rayonu Azərbaycan və Ermənistan qoşunlarının döyüş apardığı ərazidə yerləşir. Azərbaycanın Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da ermənilərin nəzarətinə keçib və 27 ildən sonra 2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu tərəfindən azad edilib.