Şərqşünas politoloq Zərdüşt Əlizadə Amerikanının Səsi radiosuna müsahibəsində 2011-ci ildə başlanan ərəb baharının ərəb payızı ilə nəticələndiyini deyib. Belə ki, ərəb inqilabları nəticəsində dünyəvi, eyni zamanda xalqa xidmət etməyən korrupsioner hakimiyyətlər seçki yolu ilə qatı islamçılarla əvəz olunur. Onun fikrincə, 2012-ci ildə Azərbaycanı azadlıqlar sahəsində uğur gözləmir.
Sual: 2011-ci il ərəb baharı ilə yadda qaldı. Ərəb baharının regional təsirləri nə oldu?
Cavab: Ərəb baharının ərəb payızı da oldu, onu da unutmayın. Qərbsayağı demokratikləşməyə ümidi olan insanların, hətta demokratik seçkilər keçirildikdən sonra bir qədər ümidləri puça çıxdı. Çünki, hakimiyyətə əsla qərbyönümlü insanlar deyil, “Müsəlman qardaşları” gəldi. Zəmanət yoxdur ki, Suriyada dünyəvi Bəşər Əsəd hökuməti getdikdən sonra, onun yerinə qatı sünni hökuməti gəlməyəcək, Yəməndə kifayət qədər açıq qərbyönümlü siyasət yürüdən Əli Abdalla Saleh gedəndən sonra qatı müsəlmanlar hakimiyyətə gəlməyəcək və bunlar antiqərb siyasəti yürüdən qüvvələr olmayacaq. Onu da unutmaq olmaz ki, ərəb baharının başlaması həqiqətən donmuş, korrupsiyaya uğramış, səmərəsiz, antimilli hökumətləri yıxdı. Bütövlükdə ərəb dünyasına 55 milyard dollarlıq bir ziyan dəydi, iqtisadiyyat xeyli çökdü. Hələlik iqtisadiyyatın canlanması üçün əsər-əlamət görünmür.
Sual: Amma, Azərbaycanın ətrafında da bir kabus dolanmaqdadır. Xüsusilə də İran və Rusiyada. Necə proqnozlaşdırırsınız, 2012-ci ildə İran və Rusiyada siyasi vəziyyət necə olacaq?
Cavab: Əgər İrana xaricdən hücum olmasa, rejim kifayət qədər möhkəm görünür. Mütəşəkkildir, vəziyyətə nəzarət edir, özünə çox arxayındır. Rusiyada bəli, Vladimir Putinin əvvəlki hörməti itib və o daha pis bir durumda prezident postuna yiyələnəcək. Amma, həqiqətən ciddi bir maliyyə böhranı başlayarsa nə edəcək, onu heç kim bilmir.
Sual: 2011-ci ilin sonlarında “Amnesty İnternational” təşkilatı Azərbaycanla bağlı “Heç vaxt çiçəklənməyən bahar: azadlıqlar tapdanır” adlı hesabat yayıb. 2012-ci ildə Azərbaycanda siyasi səhnəni necə proqnozlaşdırırsınız?
Cavab: Azərbaycan klassik petrokratiya, tüfeyli bir dövlətdir. Hakimiyyət neft pulları hesabına hədsiz varlanıb və xalqı əsarətdə saxlayır. Onun üçün dövlətin cəza mexanizmi funksiyasından geniş istifadə edir, müxalifəti tapdalayıb, vətəndaş cəmiyyətinə qarşı səlib yürüşü həyata keçirir. Hansısa mütəşəkkil və mədəni müxalifət hələ formalaşmayıb, müəyyən cücərtilər var, amma bu vəziyyəti dəyişmək üçün kifayət deyil. Onu da unutmaq olmaz ki, Azərbaycan elitası ümumi qlobal məkanda öz yerini tapıb. Onu çox doğru olaraq petrokratiya, oğru hökumət adlandırırlar. Buna baxmayaraq, ümumi vəziyyətdə Azərbaycan hakimiyyətindən həm Rusiya, həm Türkiyə, həm Amerika, həm də Avropa razıdır. Çünki, Azərbaycan hökuməti onlara qlobal siyasi, geosiyasi layihələrdə dəstək verir.
Sual: “Artikl 19” təşkilatı 2011-ci ildə “Dissident kimi yaşamaq: Azərbaycanda ifadə azadlığı” adlı hesabat yayıb. Fikrinizcə, 2012-ci ildə azadlıqların səviyyəsi necə olacaq?
Cavab: Yaxşılığa doğru heç nə dəyişməyəcək. Azadlıqlar deyəndə, kifayət qədər ciddi jurnalistika öz sözünü deyə bilir. Vacib deyil ki, kimisə birbaşa açıq şəkildə ittiham edəsən. Vəziyyəti olduğu kimi, ad çəkmədən təsvir elə, arif adama işarə də bəsdir. Azərbaycanın qeyri hökumət təşkilatları korrupsiyanın səviyyəsi, korrupsiya faktları ilə bağlı çox ciddi araşdırmalar aparır, heç də birinci şəxsə hücum etmirlər. Amma, arif adamlar bilir ki, balıq haradan iylənir. Bu baxımdan məhdudiyyət yoxdur. Amma, sırf siyasi müstəvidə mübarizəyə keçəndə, şəxsiyyətləri sancanda, adlarını çəkəndə, ortada isə kifayət qədər hüquqi əsaslar olmayanda, əlbəttə ki, hökumət cəza tədbirlərinə keçir, bütün hədləri aşır. Çünki, anlayırlar ki, xalqın təşkilatlanmağa başlaması, toparlanmağa başlaması onların indiki cəzasız hakimiyyətinin sonunun yaxınlaşması deməkdir.
Sual: 2012-ci ildə Azərbaycanda siyasi mübarizə müstəvisini necə görürsünüz? İqtidarla müxalifət arasındakı siyasi mübarizədən nə gözləmək olar?
Cavab: 2011-ci ildə müxalifətin həmişəki kimi düşünmədən, hazırlıqsız hansısa bir ərəb baharını mexaniki olaraq Azərbaycan səhnəsinə köçürmək cəhdləri puça uğradı. İndi də, 2012-ci ildə əgər, müxalifət əvvəlki minvalla yenə hansısa mexaniki, hazırlıqsız tədbir görməyə başlasa sərt şəkildə əziləcək. Bir də unutmayın ki, Azərbaycan Rusiya ilə sıx bağlıdır. Rusiyada hansısa geniş siyasi hərəkat başlamasa, siyasi dəyişiklik baş verməsə Azərbaycanda da, ümumiyyətlə Cənubi Qafqazda, mərkəzi Asiyada dəyişikliklərin olacağına ümid azdır.
Müəllifdən: Azərbaycan rəsmiləri ölkədə azadlıqların təmin edildiyini, korrupsiyaya qarşı amansız mübarizə aparıldığını, əhalinin hüquqlarının qorunduğunu, sosial vəziyyətinin durmadan inkişaf etdiyini bildirir. Azərbaycan prezidenti yeni il təbrikində də ölkədə bütün sahələrdə sürətli inkişaf olduğunu dəfələrlə vurğulayıb.