“Azərbaycan məgər sağır ya təqlidçidir ki, onun mənafeyini nəzərdə almayan bir hərəkata qatılsın,” deyə Ziya Sədrül-Əşrafi Azərbaycan əhalisinin öz problemləri və yaxud İrandakı ümumi məsələlərlə bağlı etirazlara qatılmaqdan çəkinmədiyini vurğulayır. Təbrizli alim və tarix araşdırmaçısı Amerikanın Səsinə müsahibədə İran tarixinin müxtəlif dövrlərində yaşanmış ictima-siyasi hərəkatlarda Azərbaycan əhalisi və ümumiyyətlə türklərin rolunu dəyərləndirib.
Your browser doesn’t support HTML5
Ziya Sədrül-Əşrafi Təbrizin İranın siyasi tarixində xüsusi əhəmiyyətə malik olduğunu ifadə edir:
Təbriz inqilablar beşiyidir ifadəsi bu gün də tamamilə yanlış deyil. Lakin, fikr edirəm ki, keçmişdəki qədər olmaya.Ziya Sədrül-Əşrafi
“Təbriz qədimdən İpək Yolunun üzərində olduğu üçün mühüm iqtisadiyyat mərkəzi olub. Modern mədəniyyət də o vaxt Rusiyadan və Qafqazdan, habelə İstanbuldan gəldi, Təbrizdən digər bölgələrə keçdi... Buna görə, təbiidir ki, o vaxtlar İranın ən ziyalı bölgəsi Azərbaycan və onun mərkəzi Təbriz ola. Bu baxımdan İrandakı hərəkatlarda Təbriz ən doğru hərəkəti edib.”
Onun fikrincə, artıq keçmişdəki qədər iqtisadi baxımdan və digər cəhətlərdən İranın öndə gedən şəhəri olmasa da Təbriz əhəmiyyətini itirməyib.
Cənab Sədrül-Əşrafi deyir, “Təbrizi qəsdən geri saxlayırlar... Azərbaycan əhalisi başqa bölgələrə köçməyə məcbur olur. Həm işçilər köçür, həm ziyalılar. Azərbaycanı planlı bir şəkildə kənara qoymaq istəyirlər.”
O, əlavə edir, “Təbriz inqilablar beşiyidir ifadəsi bu gün də tamamilə yanlış deyil. Lakin fikr edirəm ki, keçmişdəki qədər olmaya. Amma burada bir kültür yatıb, burada bir qeyrət yatıb. Mən firk edirəm, Təbriz vaxtında ölçər və qalxar. Təbrizin əhəmiyyəti bəlkə azalıb, amma Azərbaycanın əhəmiyyəti azalmayıb.”
Hərəkat ümumi olanda, yoxsulluq üçün, işsizlik üçün, təbiət üçün olanda təbiidir ki, Azərbaycan da öz şüarları ilə qatılar.
Ziya Sədrül-Əşrafinin dediklərinə görə, Azərbaycan əhalisi öz problemləri və ya ümumi məsələlərlə bağlı olan hərəkatlara qatılar.
“Azərbaycan məgər sağır ya təqlidçidir ki, onun mənafeyini nəzərdə almayan bir hərəkata qatılsın? Hərəkat ümumi olanda, yoxsulluq üçün, işsizlik üçün, təbiət üçün olanda təbiidir ki, Azərbaycan da öz şüarları ilə qatılar... Azərbaycan son kütləvi etirazlara da qatıldı, amma elə ki, hərəkatı başlaya ya bir yenilik yarada, onu etmədi. Ehtiyatla gedir,” deyə o əlavə edir.