Zəfər Quliyev: Tunis inqilabı avtoritar rejimlərə qarşı yeni planın tərkib hissəsidir

Zəfər Quliyev: Tunis inqilabı avtoritar rejimlərə qarşı yeni planın tərkib hissəsidir

Wikileaks Azərbaycan və digər avtoritar rejimlərlə bağlı kifayət qədər ifşaedici məlumatlar dərc edib. Tunisdəki Yasəmən inqilabının, Əlcəzair, İordaniya, Yəmən və Albaniyada son etirazların regional təsirləri qaçılmazdır.

Politoloq Zəfər Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində Tunisdə Yasəmən inqilabı, İordaniya, Əlcəzair, Yəmən və Albaniyada son etirazların regional təsirlərindən danışıb. Onun fikrincə, son hadisələr dünyada avtoritar rejimlərə qarşı yeni münasibətlərdən xəbər verir.

Sual: Tunisdə Yasəmən inqilabından sonra, Əlcəzair, Yəmən, Albaniya və İordaniyada etirazlar baş qaldırıb. Tunisin Yasəmən inqilabının regional təsirlərini necə proqnozlaşdırırsınız?

Cavab: Tunisdə baş verən hadisələrin dərhal başqa ölkələrdə təkrarlanması bir sıra suallar doğurur. İlk sual budur ki, bu yalnız daxili proseslərlə bağlı deyil, xarici amillər də təsir göstərir. Ola bilər ki, qərb dövlətləri, o cümlədən Amerika Tunisdəki hadisələrə əvvəlcədən hansısa formada təsir edib. Bundan dərhal sonra, başqa ölkələrdə də avtoritar rejimlərə qarşı etirazların baş qaldırması göstərir ki, Tunis hadisələri həm də ilhamverici rol oynayıb.

Bu hadisələr böyük bir planın tərkib hissəsidir. Əgər bu versiya özünü doğrultsa, gözləyə bilərik ki, hadisələr davam edəcək və nəhayətdə Qafqaz regionuna da təsir edəcək. Wikileaks dünyanı heyrətə gətirən məlumatları dərc edəndə gördük ki, bunların hamısı avtoritar rejimlərlə bağlıdır. O cümlədən, Qafqaz regionundakı avtoritar rejimlərlə bağlı kifayət qədər ifşaedici sənədlər dərc edilib. Güman etmək olar ki, Wikileaks də yeni siyasi proseslərin tərkib hissəsidir.

Ola bilsin ki, proseslərin başında duran qərb dövlətləri, Amerika fikirləşir ki, avtoritar rejimləri hərbi müdaxilə ilə dəyişmək o qədər də uğurlu yol deyil. Bundan öncəki avtoritar rejimlərə, islam radikalizminə qarşı hərbi müdaxilələri nəzərə alsaq, İraq və Əfqanıstanı yada salsaq görərik ki, bu, çox baha başa gəlir və itkilərlə nəticələnir. Eyni zamanda, uğurlu nəticə də əldə edilmir. Görünür ki, Vaşinqtonun yeni administrasiyası müttəfiqləri ilə birgə avtoritar rejimlərə qarşı ilk növbədə dünya ictimaiyyətinin rəyini formalaşdırmağa çalışır. Bu yolla həmin ölkələrin daxilində etiraz aksiyalarını gücləndirmək , bu aksiyalara hansısa formada dəstək vermək, dinc və inqilabi yolla avtoritar rejimlərə təsir etmək istəyirlər.

Sual: Gül inqilabının ilk vətəni Cənubi Qafqazdır. Gürcüstanda “Qızıl gül” inqilabı baş verdikdən sonra, proses Ukrynada da hakimiyyətin dəyişməsinə təkan verdi. Azərbaycan da “Qərənfil inqilabı” adlı fenomen yaşadı. Sanki, bu proseslərdə informasiya dəstəyi çatmırdı. Artıq avtoritarların sirli saxlanan əməlləri barədə məlumatlar ictimai diqqətə çatdırılır. Bu mənada, Azərbaycanda və Qafqaz regionunda yeni nə görürsünüz?

Cavab: İlk narıncı inqilab Serbiyada baş verib. Gürcüstan inqilabı isə postsovet məkanında ilk idi. Azərbyacan da əslində bu inqilaba hazırlaşırdı. Lakin uğursuz oldu. İndiki məqamda insanlar inqilabi situasiyalara səbəb olacaq informasiyalarla təmin edilir.

Gürcüstanda narıncı inqilab əvvəlcə əhalinin kiçik bir hissəsinin iştirakı ilə başladı və sonra inkişaf etdi. Bir çox inqilabların təcrübəsi, o cümlədən Qırğızıstan təcrübəsi göstərdi ki, hakimiyyət dəyişikliyi ictimaiyyətin geniş dəstəyi olmadan baş verəndə çox təhlükəli xarakter alır, qan tökülür və nəticələri uğurlu olmur. Ona görə də, ictimaiyyətə daha geniş məlumatlar verilir. Təsadüfi deyil ki, bu baxımdan Wikileaks-in məlumatları virtual məkanda narıncı inqilab adlandırılır. Həqiqətən də, Wikileaks avtoritar rejimlərin əməlləri ilə bağlı insanları çox yaxşı məlumatlandırır və etiraz hisslərini daha da gücləndirir. Avtoritar rejimlərə qarşı mübarizədə Tunisdən başlayayan və başqa ölkələrdə davam edən dalğa da ilhamverici rol oynayayır. Bu Qafqaz regionunda təsir buraxa bilər.

Nəzərə alsaq ki, son bir neçə ay ərzində Azərbaycanda islam amili güclənməyə başlayıb. Hakimiyyətin islama və dindarlara qarşı düşünülməmiş hərəkətləri fakitiki olaraq son bir-iki ayda Azərbaycanda islam amilini sürətlə gücləndirib. Bu isə etiraz hissləri ilə üst-üstə düşdükdə hakimiyyətə qarşı real təhlükə amilinə çevrilə bilər.

Eyni zamanda, İranda rejimə qarşı etirazlar güclənə bilər. Bu ölkədə prezident seçkilərində “Yaşıllar” hərəkatı məntiqi nəticəsinə çata bilməsə də potensial etirazçılar qalmaqdadır. İctimaiyyətin əksəriyyəti avtoritar molla rejimindən çox narazıdır. İran problemi həm də beynəlxalq güclərin gündəmindədir. Xarici faktoru da nəzərə alsaq, yaxın zamanlarda İranın daxilində güclü etirazların bərpa olacağını da gözləmək olar. Bu isə öz növbəsində regiona, o cümlədən də Azərbaycana təsir edə bilər.

Sual: Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiniz? Çünki dünyada etirazçıların əsas şüarları olan saxta seçkilər, on illərlə davam edən hakimiyyət, ərzaq qiymətlərinin yüksək olması, məmur özbaşınalığı kimi şüarlar, bir qayda olaraq Azərbaycanda da səslənməkdədir.

Cavab: Azərbaycanda son illər daxildə siyasi yolla hakimiyyətə gəlmək istəyən qüvvələrin bütün resursları əllərindən alınıb. Artıq demokratik müxalifət parlamentdə təmsil olunmur. Son parlament seçkiləri, demək olar ki, bir partiyalı parlament formalaşdırıb. Ölkədə narazılıq günbəgün artmaqdadır. Eyni zamanda, etiraz elektoratını idarə edən əvvəlki siyasi qüvvələr faktiki olaraq oyundan kənarda qalıb. Aydın məsələdir ki, bu yer uzun müddət boş qala bilməz. Son vaxtlar görürük ki, islam təşkilatları güclənib. İslam partiyası vəziyyətdən istifadə etmək istəyir, dinə meyilli əhali ilə çox intensiv işləyir. Eyni zamanda, hakimiyyət dini adət-ənənəyə qarşı həddindən artıq sərt mövqe tutmaqla bu etirazları bir qədər də gücləndirir. Yaxın aylarda ciddi siyasi hadisələr gözləmək mümkün olmasa da, ümumu etiraz xətti artmaqda davam edir. Hakimiyyətin tutarlı daxili siyasət aparmaması, siyasi, sosial etirazların artan xətlə davam etməsi bir müddətdən sonra Azərbaycanda da kütləvi etirazlara yol aça bilər. Əhali hakimiyyətin siyasətindən, qanunsuzluqdan, məmur özbaşınalığından çox narazıdır. Azad sözə qarşı hakimiyyətin vuruşunun davam etməsi Sovet hakimiyyətinin qaydalarını bərpa etmək istəyinin nəticəsidir. Seçki demiokratiyası sahəsində də son addımlar faktiki Sovet təkpartiyalı sisteminə qayıdış deməkdir. Azərbaycan hakimiyyətinin daxili siyasəti beynəlxalq aləmdə də narazılıqla qarşılanır. Azərbaycana qarşı sərt tənqidi fikirlər artıq tez-tez səslənməkdədir.