Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın təxminən bir il əvvəl ölkəyə təcavüzünə başlamasından sonra Ukraynadan kənara ikinci səfərini çərşənbə günü Britaniyaya edib.
Zelenskinin səfər planına Britaniya parlamentində çıxış və Britaniya qüvvələri ilə təlim keçirən Ukrayna qoşunlarına baş çəkmək daxildir. Bununla bərabər, Bukingem Sarayı bildirib ki, Zelenski Londondakı kral iqamətgahında kral Çarlzla görüşəcək.
Eyni zamanda Böyük Britaniyanın baş naziri Rişi Sunak Britaniyanın ukraynalı pilotlara “NATO standartı döyüş təyyarələrini” idarə etməyi öyrədəcəyini bildirib. O, həmçinin deyib ki, Britaniya Ukraynaya hərbi texnika yardımını sürətləndirəcək.
"Mən fəxr edirəm ki, bu gün biz bu təlimi əsgərlərdən tutmuş, dəniz piyadalarına və döyüş təyyarələri pilotlarına qədər genişləndirəcəyik və Ukraynanın gələcəkdə öz maraqlarını yaxşı müdafiə edə biləcək bir orduya sahib olmasını təmin edəcəyik" deyib Sunak.
Britaniya Ukraynanın Rusiya qüvvələrinə qarşı daha ağır texnika ilə bağlı çağırışlarına cavab olaraq, özünün "Challenger 2" tanklarından istifadəsinə dair təlimlər də daxil olmaqla, artıq Ukrayna qoşunlarına təlimlər keçirib.
Almaniya, Danimarka və Hollandiya çərşənbə axşamı Ukraynaya azı 100 təmir olunmuş köhnə "Leopard 1" tankı göndərməyi planlaşdırdıqlarını bildirib.
"Leopard 1" tankları 1960-cı illərin ortalarından 1980-ci illərin ortalarına qədər istehsal edilib və yenidən döyüşə hazır vəziyyətə gətirildikdən sonra Kyiv döyüşçülərinə yay aylarına qədər çatdırılacaq. Lakin Almaniya, Danimarka və Hollandiyanın müdafiə nazirləri bəyanatlarında əlavə silahların "ərazi bütövlüyünün bərpası üçün Ukraynanın hərbi potensialını əhəmiyyətli dərəcədə artıracağını" bildirib.
Almaniya Müdafiə Nazirliyi Berlin rəsmilərinin Ukraynaya 178 "Leopard 1 A5" tankının ixracına icazə verdiyini, lakin göndərilən sayın tələb olunan təmirdən asılı olacağını bildirib. Almaniya 2003-cü ildən bəri bu tanklardan istifadə etmir.