Zelenski əks-hücumun müvəffəq olacağına inanır

Ukrayna Prezidenti Volodimir Zelenksi Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammitində iştirak edib. 1 iyun, 2023.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:

  • Britaniya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiyanın Hava-Desant Qüvvələri (VDV) Baxmutda üzərinə “getdikcə daha mühüm rol” alır. VDV-nın hərbi müdaxilədən öncəki elit statusu artıq “xeyli aşağı düşsə də,” onun Baxmutda yerləşdirilməsi səbəbindən bütün Rusiya qüvvələri, böyük ehtimalla, əməliyyat çağırışlarına reaksiya verməkdə “daha az çevik” olacaq.
  • Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü deyib ki, NATO-ya qoşulmaq Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətidir, ancaq o, ölkəsinin müharibə başa çatmadan alyansa qoşulmasının “qeyri-mümkün” olduğunu da etiraf edib. Kyivdə Estoniya Prezidenti Alar Karislə birgə mətbuat konfransı zamanı Zelenski deyib ki, ukraynalılar “heç bir NATO ölkəsini müharibəyə cəlb etməyəcək.”
  • ABŞ Dövlət Departamenti Rusiyanın iki ölkə arasında qalan ən sonra silahlara nəzarət razılığını “davamlı pozması” səbəbilə Rusiyanın nüvə müfəttişlərinin vizalarını ləğv etdiyini, yeni müşahidəçilərin ərizələrini rədd etdiyini və Rusiya təyyarələrinin ABŞ-ın hava hövzəsinə daxil olması üçün standart icazələri ləğv etdiyini bildirib.
  • Vaqnerin rəhbəri Yevgeni Priqojin Rusiya qüvvələrinə yalnız Vaqner muzdlularını hədəf ala biləcək ərazilərə tank əleyhinə minalar yerləşdirərək onun adamlarını partlatmaq əmri verildiyini iddia edərək, Moskvanın hərbi rəsmiləri ilə gərginliyi artırıb. “Düşməni çəkindirmək üçün onları yerləşdirməyə ehtiyac yox idi,” o deyib. Ona görə də biz onların irəliləyən Vaqner birləşmələri üçün nəzərdə tutulduğunu güman edə bilərik.”

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Ukrayna Rusiyaya qarşı əks-hücuma keçməyə hazırdır.

Şənbə günü Wall Street Journal-da dərc olunan məqalədə Ukrayna lideri “Biz güclü şəkildə müvəffəq olacağımıza inanırıq,” deyib.

“Mən bunun nə qədər vaxt aparacağını bilmirəm, amma… biz hazırıq,” o deyib. Zelenski bildirib ki, o, daha çox Qərb silahlarına malik olmasını arzulayır, “amma biz aylarla gözləyə bilmərik.” Ancaq Zelenski əks-hücum üçün bir tarix verməyib.

Bundan əlavə Zelenski ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkisinin nəticəsindən bir qədər narahat olduğunu söyləyib, çünki Ukraynaya daha az dəstək verən bir administrasiya qalib gələ bilər.

Bu arada isə Ukrayna prezidenti gündəlik müraciətində Ukraynada “lazımi raketlərin” inkişafı təchizatı və istehsalı yolu ilə daha güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacın olduğunu söyləyib.

“Ukraynanın hava hücumundan müdafiə sistemi davamlı olaraq ehtiyacı olan hər şeyə malik olmalıdır. Biz hər gün aktiv şəkildə Patriot sistemləri koalisiyası və müasir döyüş təyyarələri koalisiyaları ilə əlaqədəyik,” o deyib.

Birgə Qərarhaglar rəisi, ABŞ Ordusunun generalı Mark Milli uzun zamandır gözlənilən F-16 qırıcıları ilə bağlı deyib ki, onlar Ukraynanın qarşıdan gələn əks-hücumuna hazır olmayacaq.

Mlli bu həftənin əvvəlində Fransaya səfəri zamanı deyib ki, “hər kəs Ukraynanın müasirləşdirilmiş hava qüvvələrinə ehtiyacını dərk edir,” amma F-16-larla bağlı bildirib ki, “bu, xeyli vaxt aparacaq.”

Zelenski cümə günü mətbuat konfransında da Ukraynanın qarşıdan gələn əks-hücumu ilə bağlı deyib ki, “bu, kino deyil” və əlavə edib ki, “bunun necə baş verəcəyini açıq şəkildə demək asan deyil.”

“Əsas Rusiyanın bunu görməsi, və təkcə görməsi deyil, hiss etməsidir. Xüsusilə də, biz ərazimizi işğal edən qüvvələrdən danışırıq,” o əlavə edib. Ukrayna prezidenti deyib ki, əks-hücumun əsas məqsədi Ukrayna ərazilərini azad etməkdir, və bu olmağa başladığı zaman “siz nə baş verdiyini anlayacaqsınız.”