Ukrayna prezidenti Volodimir Zelenskinin cümə günü kəşfiyyat məlumatlarına istinadən bildirdiyinə görə, Rusiya oktyabrın 27-dən 28-dək Şimali Koreya qoşunlarını döyüş meydanına yerləşdirməyi planlaşdırır.
Zelenski X platformasında hərbi rəhbərliyin hesabatı ilə tanış olduqdan sonra "Kəşfiyyat məlumatlarına görə, Şimali Koreyanın ilk əsgərlərinin oktyabrın 27-28-də Rusiya tərəfindən döyüş bölgələrinə yerləşdiriləcəyi gözlənilir. Bu, Rusiya tərəfindən açıq-aşkar eskalasiyadır" - deyə, qeyd edib.
Ukrayna hərbi kəşfiyyatı cümə axşamı bildirib ki, artıq Kursk vilayətində Şimali Koreya bölmələrinin mövcudluğu qeydə alınıb.
500 zabit və üç general daxil olmaqla, təxminən 12 min Şimali Koreya əsgəri artıq Rusiyadadır və hazırlıqlar beş hərbi bazada aparılır.
Birləşmiş Ştatlar Şimali Koreya qoşunlarının Rusiyada olmasına dair sübutlara malik olduğunu bildirib. Cənubi Koreya parlamentariləri kəşfiyyat məlumatlarına əsaslanaraq bildiriblər ki, Ukraynada döyüşən rus hərbçilərinə yardım etmək üçün artıq 3 minə yaxın hərbçi göndərilib və bundan sonra daha çox əsgər göndəriləcək.
Putin Şimali Koreya qoşunlarının Rusiyada mövcudluğunu inkar etməyib.
Qərb müttəfiqləri Şimali Koreya ordusunun münaqişəyə qarışmasının böyük eskalasiyaya səbəb olacağını deyir.
"Şimali Koreyanın hərbi əməliyyatlarda faktiki iştirakı laqeydlik və ya qeyri-müəyyən şərhlərlə deyil, həm Moskva, həm də Pxenyana ciddi təzyiqlərlə qarşılanmalıdır" - deyə, Zelenski bildirib.
Ukrayna prokurorlarının cümə günü bildirdiyinə görə, onlar Pxenyanın Rusiyaya hərbi dəstəyini mümkün aqressiya cinayəti kimi araşdırmağa başlayıb.