Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü ölkənin "yeni enerjiyə" ehtiyacı olduğunu deyib və Rusiya təcavüzünə qarşı mübarizənin həlledici mərhələsində hökumətin əsas dəyişikliyinə göstəriş verib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da daxil olmaqla ümumilikdə 6 nazir istefa ərizəsini təqdim edib. Ali Rada onlardan dördünün istefasını qəbul edib.
Qanunvericilərin sözlərinə görə, söhbət baş nazirin avrointeqrasiyaya cavabdeh müavini, silah istehsalına nəzarət edən strateji sənaye naziri və daha iki nazirdən gedir.
"Bu gün bizə yeni enerji lazımdır və bu addımlar yalnız dövlətimizin müxtəlif istiqamətlərdə gücləndirilməsi ilə bağlıdır", Zelenski İrlandiyanın baş naziri Saymon Harrislə birgə mətbuat konfransında deyib.
Parlamentin Kulebanın istefasını cümə axşamı günü nəzərdən keçirəcəyi gözlənilir. Bu barədə millət vəkilləri bildiriblər.
Zelenskidən sonra 43 yaşlı Kuleba Ukraynanın xaricdə ən tanınmış məmurudur.
Analitiklər deyirlər ki, hakimiyyət dəyişikliyi çoxdan planlaşdırılıb, lakin Ukrayna rəhbərliyi yayda hərbi və maliyyə yardımı əldə etmək üçün Qərb tərəfdaşları ilə danışıqlara fokuslandığına görə ləngiyib.
"Bu, hökumətin planlaşdırılmış kadr yenidənqurmasıdır. İndi hökumətin yarısı yenilənəcək. Bu Zelenskinin üslubudur. O hesab edir ki, yeni nazir yeni enerji, yeni yanaşmalar, daha aktiv iş deməkdir. Onun gözlədiyi effekt məhz budur", Kyiv politoloqu Vladimir Fesenko deyib.
Fesenko təxmin edir ki, Kulebanın gözlənilən istefasından sonra ölkənin xarici siyasətində ciddi dəyişikliklər olmayacaq.
Çərşənbə günü Zelenskinin xarici işlər naziri vəzifəsinə xarici işlər nazirinin birinci müavini Andrey Sibiqanın namizədliyini irəli sürəcəyi gözlənilir.
Analitiklərin fikrincə, istefaya gedən bəzi nazirlər yeni vəzifələrə təyin olunacaqlar.
Vəzifəsini tərk edən Strateji Sənayelər Naziri Aleksandr Kamışin çərşənbə axşamı müdafiə sektorunda fərqli bir rolda qalacağını bildirib.
Deputat Yaroslav Jeleznyak parlamentin cümə axşamı istefa və təyinatlara baxmağa davam edəcəyini bildirib. Hazırda 21 nazir vəzifəsindən 10-u vakant olaraq qalır.
"Sabah nazirlər kabineti planlaşdırıldığı kimi yenidən təşkil olunacaq", o, Telegram-da bildirib.