Zelenskinin ofisi Arestoviçin istefasını qəbul edib

Oleksiy Arestoviç

Ukrayna prezidentinin ofisi Zelenskinin ştatdankənar müşaviri Oleksiy Aretoviçin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciətini təmin edib. Bu barədə prezident Zelenskinin mətbuat katibi Sergey Nikiforov "Ukrayinska pravda"ya şərhində bildirib.

"Azadlıq" radiosunun Ukrayna xidməti xəbər verir ki, yanvarın 17-də səhər Arestoviç tutduğu vəzifədən istefa ərizəsi yazıb. Bu, yayımlardan birində məsləhətçinin Dniproda yaşayış binasını vuran və 44 nəfərin ölümünə səbəb olan Rusiya ballistik raketinin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu deməsindən sonra baş verib. Bu açıqlamalar Ukraynada kəskin tənqidlərə səbəb olub və Rusiya təbliğatı tərəfindən geniş şəkildə yayılıb.

Arestoviç istefa ərizəsinin fotosunu Telegram kanalında yerləşdirib: "Mən sivil davranış nümunəsi göstərmək istəyirəm: fundamental səhv, ondan sonra istefa", o deyib.

Arestoviç istefa ərizəsini yazmazdan əvvəl vurulan raket və hava hücumundan müdafiə ilə bağlı sözlərini ciddi səhv adlandırıb və buna görə üzr istəyib.

"Canlı yayımda ciddi səhvə yol vermişəm. Tamaşaçıların hansı səbəbdən eşitdiyinin fərqi yoxdur, amma bundan sonra səsləndirdiyim məlumatlara daha məsuliyyətli yanaşacam. Zərərçəkmişlərdən və onların yaxınlarından, Dnipro sakinlərindən və Rusiya raketinin yaşayış binasına dəyməsinin vaxtından əvvəl səhv versiyamdan dərindən təsirlənən hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Mənə qarşı nifrətin səviyyəsi efirdəki xətanın nəticələri ilə müqayisə olunmazdır. Bu, Ukrayna üçün nüfuz baxımından və ya hüquqi baxımdan heç bir zərərə səbəb olmadı" – deyə, o yazıb.

Bu qalmaqal Ukraynada Mark Feyqinin Arestoviçin iştirak etdiyi YouTube kanalındakı söhbətindən sonra yaranıb. Orada Arestoviç yaşayış binasına dəyən raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib. Bu mesajı Rusiya təbliğat mediası və Putinin mətbuat katibi Dmitri Peskov təkrarlayıb. Eyni zamanda, bir çox Rusiya KİV-i ümumiyyətlə xəbərin əsas səbəbini, Rusiya tərəfindən Dnipronun atəşə tutulmasını və ya insan tələfatını qeyd etmədən Aleksey Aretoviçə istinadən yalnız qısa bir xəbər yayımlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Arestoviçin sözlərindən istifadə edərək bəyan edib ki, Rusiya hərbçiləri "yaşayış binalarına və sosial infrastruktur obyektlərinə zərbələr endirmir".