Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü virtual olaraq "Böyük Yeddilər"in (G7) liderləri ilə görüşüb və onlara Moskvanın gələn il Qərb birliyinin "dağılacağına" ümid etdiyini deyib.
Kyivin əsas müttəfiqləri ABŞ prezidenti Co Bayden və Britaniyanın Baş naziri Rişi Sunak da olmaqla, iclas iştirakçıları Ukraynanı dəstəkləməyə sadiq olduqlarını bildirib. Bu açıqlamalar Kyivin döyüş meydanında az irəliləyiş əldə etdiyi üçün Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyi ilə bağlı narahatlıqlar fonunda verilib.
"Böyük Yeddilər" liderlərinin görüşün yekunlarına dair bəyanatda "Biz müstəqil, demokratik Ukraynanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləməyə sadiqik" deyilib.
"Böyük Yeddilər"in liderləri Moskvanın gəlirlərini azaltmaq üçün Rusiyaya qarşı görüləcək tədbirləri açıqlayıb. Belə ki, yanvar ayından etibarən Rusiyadan qeyri-sənaye almazlarının, mart ayından isə Rusiyanın digər ölkələrdə emal olunmuş almazlarının idxalına qadağa qoyulması planlaşdırılır.
"Böyük Yeddilər" Rusiya neftinə qiymət həddi də daxil olmaqla, əlavə tədbirlər elan edib və üçüncü ölkələri "ciddi xərclər" təhdidləri altında Rusiyaya hərbi materialların tədarükünü dərhal dayandırmağa çağırıb.
Liderlər həmçinin qış yaxınlaşdıqca Ukraynaya humanitar dəstəyi artıracaqlarını vəd edərək, Rusiyanı təcavüzünü dayandırmağa və artıq vurduğu ziyanın kompensasiyasını ödəməyə çağırıb.