Zelenski yeni danışıqlara çağırır, Rusiya qoşunlarının Mariupola daxil olduğunu deyir

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə hərbi müdaxiləsindən üç həftə sonra Moskva ilə yeni danışıqlara çağırıb. Rusiya Ukraynanın qərbində hipersonik raketlərdən istifadə etdiyini və qoşunlarının ölkənin cənub-şərqində strateji liman şəhərinə daxil olduğunu bildirib.

“İndi görüşüb, danışmaq, Ukrayna üçün ədalət və ərazi bütövlüyünü bərpa etmək vaxtıdır,” Zelenski martın 19-da Facebook-da yaydığı videoda bildirib. “Əks halda Rusiyanın itkiləri o dərəcədə olacaq ki, nəsillər boyu bərpa edə bilməyəcək.”

Ukrayna prezidentinin sözləri Rusiya qoşunlarının Azov dənizində yerləşən əsas liman olan Mariupol şəhərinin mərkəzinə daxil olduğunu bildirdiyi bir vaxta təsadüf edib.

Rusiyanın şəhərə ağır bombardmanı zamanı yüzlərlə insanın sığındığı bir teatra havadan hücum olunub və bu, Rusiyanın müharibə cinayətləri etdiyinə dair ittihamlara gətirib çıxarıb.

Zelenksi martın 18-də deyib ki, teatrdan 130 nəfər xilas edilib, ancaq “yüzlərlə” daha insan hələ də dağıntılar altındadır.

Yardım işçiləri deyir ki, təxminən 350 min insan hələ də şəhərdə dəhşətli şəraitdə qalır.

Fransa Prezidenti martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə bir saat davam edən telefon danışığı zamanı deyib ki, o, Mariupoldakı vəziyyətə görə “son dərəcə narahatdır” və şəhərin mühasirəsinə son qoyulmasına və beynəlxalq qanuna hörmət edilməsinə çağırıb.

Kremlin bildirdiyinə görə, Putin Kyivi Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazilərdə əsassız “müharibə cinayətlərində” ittiham edib.

Putin həmçinin iddia edib ki, Moskva Ukraynada mülki vətəndaşların ölümünün qarşısını almaq üçün “mümkün olan hər şeyi” edir, baxmayaraq ki, Rusiya qüvvələrinin mülki hədəflərə fərq qoymadan hücum etdiyinə dair çox sayda sübut var.

Ukrayna martın 19-da Moskvanın razılığı ilə mülki vətəşdaşların Mariupol və paytaxt kyiv daxil olmaqla döyüşlərin getdiyi şəhərlədən qaçmasına və Luqansk regionunda mülki vətəndaşların təxliyəsinə imkan vermək üçün 10 humanitar dəhlizin yarandığını elan edib.

Açıq mənbəli araşdırma qrupu Bellingcat Rusiyanın müharibə zamanı dağıtdığı mülki təsislərin interaktiv xəritəsini paylaşıb.

Məlumatlara əsəsən, Rusiyanın hərbi müdaxiləsinin ölkənin bir çox hissəsində iflasa uğrayıb, böyük qoşun və hərbi texnika itkisi ilə nəticələnsə də, Rusiya qüvvələri dərhal atəşkəsin əldə olunmasına dair beynəlxalq çağırışlara baxmayaraq Ukrayna şəhərlərini bombalamağa davam edir. Azadlıq Radiosunun Ukrayna xidməti bildirir ki, Rusiya qüvvələri əsasən Ukraynanın şərqi və cənubuna atəş açır, Kyiv yaxınlığında isə yenidən qruplaşır.

Bir çox regionda martın 18-dən 19-a keçən gecə havadan hücumla bağlı xəbərdarlıq sirenaları səsləndirilib, amma Mariupol, Qara Dənizdə yerləşən Mikolayiv şəhəri və separatçıların nəzarət etdiyi Luqansk və Donetsk regionlarından başqa ərazilərdə atışmanın intensivliy azalıb.

Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın Mariupolun yerləşdiyi Donetsk regionunda hərbi əməliyyatı nəticəsində Azov Dənizinə çıxışı “müvəqqəti” olaraq itirdiyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyi martın 19-da Ukraynanın Rumıniya ilə sərhəddən 150 kilometr uzqaqda yerləşən İvanı-Frankivs regionunda silah anbarını dağıtmaq üçün ilk dəfə yeni Kinjal hipersonik raketindən istifadə etdiyini elan edib.

Rusiya həmçinin Ukrayna Ordusunu Qara Dənizdə liman şəhəri olan Odesa yaxınlığında istifadə etdiyini iddia etdiyi radio və kəşfiyyat mərkəzlərini dağıtmaq üçün sahil raket sistemindən istifadə etdiyini bildirib.

Azadlıq Radiosu Rusiya ordusunun iddialarını müstəqil olaraq təsdiqləyə bilməyib.