Zaur Şiriyev: Rusiya-Türkiyə əməkdaşlığı Dağlıq Qarabağ danışıqlarına töhfə verə bilər

Your browser doesn’t support HTML5

Beynəlxalq Böhran Qrupu Türkiyə və Rusiya arasında yaxınlaşma və bunun Cənubi Qafqaz bölgəsində münaqişələrin nizamlanmasına təsiri ilə bağlı yeni araşdırma aparıb. Qrupun təhlilçisi Zaur Şiriyev Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə Türkiyə və Rusiya arasında münasibətlərin yeni səviyyəsi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb.

Zaur Şiriyevin sözlərinə görə, Beynəlxalq Böhran Qrupunun apardığı son araşdırmada 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Qara dəniz bölgəsində Rusiya və Türkiyə arasında iqtisadi rəqabətin olmasına baxmayaraq, əməkdaşlığın mümkün olduğu sahələr, xüsusilə də münaqişələrin həllində iki ölkənin apara biləcəyi əməkdaşlıq və ata biləcəyi addımlar təhlil edilib.

Zaur Şiriyev bölgədə fərqli maraqlara malik olan Türkiyə və Rusiyanın regional münaqişələrin həllində mümkün əməkdaşlığı ilə bağlı verilən tövsiyələri qeyd edib. “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən böyük tövsiyə odur ki, iki ölkə-Türkiyə və Rusiya münaqişə tərəflərinin iki fərqli strateji müttəfiqləri olduqlarından ən yaxşı halda, hazırkı mövcud şərtlərdə hazırkı müharibənin qarşısını ala bilərlər. İkincisi, Rusiya və Türkiyə ortaq olaraq Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara töhfə verə bilərlər, onları dəstəkləyə bilərlər.”

Zaur Şiriyev Dağlıq Qarabağ danışıqlar prosesində Minsk Qrupunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Bu ondan irəli gəlir ki, danışıqlar prosesinə daha effektiv təsir göstərməlidir. Yalnız müharibə riski olduqda tərəfləri bir araya gətirmək funksiyası yerinə yetirməli deyil, eyni zamanda, münaqişə ilə bağlı, danışıqlarla bağlı, eyni zamanda, münaqişənin vacib aspektləri ilə bağlı olduqca vacib məqamlar var ki, bunlara müdaxilə edilməlidir. Məsələn, humanitar məsələlər gündəlikdədir. Burada dəyişikliklər olumalıdır və ya tərəflər daha çox bir araya gəlməlidir. Yalnız iki ölkənin rəhbərlərinin, xarici işlər nazirlərinin bir araya gəlməsi ilə bağlı olmamalıdır.”

Zaur Şiriyev Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı tövsiyələrindən danışıb.

“Son üç-dörd ayda baş verən dəyişikliklər, xüsusilə də Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bütün ekspertlərin və Beynəlxalq Böhran Qrupunun münaqişənin həlli ilə bağlı baxışları və tövsiyələri dəyişdi. Düzü, böyük, müsbət gözlənti var idi ilk baxışda, xüsusilə də aprel ayından sonra, may ayından sonra, yeni baş nazirin təyin olunmasından sonra. Amma hazırkı situasiyada görünən o oldu ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilənə qədər hazırkı hakimiyyətdən münaqişə ilə bağlı köhnə hakimiyyətdən fərqli bir şey gözləmək mümkün deyil. Çünki bunun əsas səbəbi odur ki, hazırkı hakimiyyətin seçkilərə qədər bütün marağı daha çox daxili auditoriyaya yönəlib. Bunları nəzərə aldıqda, görürük ki, əslində bu ilin oktyabr-noyabr ayına qədər biz hər hansı bir müsbət irəliləyiş gözləməməliyik. Amma Beynəlxalq Böhran Qrupunun tövsiyəsi bundan ibarət idi ki, həmin bu pauza dövründə tərəflər daha çox bir araya gəlməlidirlər. Bir araya gəlmədikləri halda, bu, tərəflərin müharibəyə başlamaq riskini bu artıra bilər.”

Danışıqların formatına gəldikdə, Zaur Şiriyevin bildirdiyinə görə, Beynəlxalq Böhran Qrupu müzakilərin mövcud formatda davam etdirilməsini dəstəkləyir və bu formatın genişləndirilməsinin mümkün olduğunu hesab edir.

“Danışıqların formatı ilə bağlı Ermənistanda hakimiyyət dəyişəndən sonra bir çox ideyalar ortalığa atılıb. Burada xüsusilə Dağlıq Qarabağ ermənilərinin tərkib hissəsi olmasıdır, hansı ki bu, Azərbaycan üçün qəbuledilməzdir. Beynəlxalq Böhran Qrupunun tövsiyəsi ondan ibarətdir ki, hazırkı mövcud format ən ideal format sayılır. Yəni bu format-prezidentlərin görüşü və xarici işlər nazirlərinin görüşü. Bu formata əlavə üçüncü elementlər daxil etmək yerinə, o daha çox genişləndirilə bilər. Bu genişləndirilmə daha çox əvvəlki illərdə hər iki ölkənin prezidentlərinin xüsusi nümayəndəsi mövcud idi və bu xüsusi nümayəndələr xatırlıyırsa, Vəfa Quluzadə və Ermənistan tərəfədən Jerar Libardyan idi. Eyni formatın geri gətirilməsi, olduqca faydalı ola bilərdi. Və bu format dəyişikliyinə yol açmayacaq, bu yalnız formatı, danışıqlar prosesini gücləndirə bilər. Daha çox inam yaratmaq prosesinə köməklik etmiş ola bilər. Əks halda, Ermənistan tərəfindən səslənən Dağlıq Qarabağ erməniləri danışıqlara daxil olunsun kimi fikirlər ortaya atıldıqca bu, müsbət təsir göstərməyəcək. Yəni belə bir yanaşma mövcuddur. Çünki ATƏT Dağlıq Qarabağ azərbaycanlılarının danışıqların tərkib hissəsi olmasını tələb edə bilər.”

Zaur Şiriyev Azərbaycan tərəfin “substantiv danışıqlar” tələbini qeyd edərək bildirib ki, “hər iki ölkənin ictimaiyyəti danışıqlar prosesində müsbət nəticənin əldə olunmasını gözləyir və dəyişikliyə nail olunması üçün kiçik addımlar atılmalıdır”.