Özünü yandıran Zaur Həsənov vəfat etdi

Qarabağ Müharibəsinin veteranı Zaur Həsənov

Qarabağ Müharibəsinin veteranı deputat Səttar Mehbalıyevin onu intihara vadar etdiyini deyirdi
Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ Müharibəsinin əlili Zaur Həsənov vəfat edib.

Bu barədə APA-ya “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında keçinib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyov bildirib ki, Z.Həsənovun bədəninin 60-65%-i, nəfəs yollarının 20%-i yanıb.

Zaur Həsənov 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alındığına görə sui-qəsdə cəhd etdiyini deyirdi.

Veteran iddia edirdi ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Mehbalıyev alıb.

Deputat iddiaları qəbul etmir və həmin obyektin uçurulması ilə bağlı üç məhkəmə instansiyasının qərarı olduğunu bildirir.