Türkiyə İran Azərbaycanında siyasi təqiblərdən qaçan güneyli fəalların sığınacaq tapdığı başlıca ölkədir. Lakin güneyli fəallar Türkiyə ictimaiyyətində güneyin problemlərinə kifayət qədər diqqət verilmədiyini deyir. Jurnalist və diaspora fəalı Zaur Bayramlı “Amerika icmalı” proqramında mövzunu müzakirə edib.
“Bu məsələdə Türkiyə dövlətinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və xalqın baxışları fərqlidir”-deyə Zaur Bayramlı bildirib. Onun sözlərinə görə, Türkiyə hökumətinin İran Azərbaycanının problemlərinə prioritet məsələ kimi baxdığını demək düzgün deyil. Lakin o, siyasi partiyalar tərəfindən marağın olduğunu qeyd edib. O həmçinin İran qapalı ölkə olduğu üçün ölkədə baş verən hadisələrlə bağlı Türkiyə cəmiyyətində məlumatlılıq səviyyəsinin yüksək olmadığını bildirib.
Türkiyədə uzun illərdir güneylilərin problemləri ilə məşğul olan Zaur Bayramlı çox vaxt siyasi təqiblərdən qaçan fəalların statusu, onların iş və yaşayış yeri ilə təmin olunması kimi bir çox problemlərlə qarşılaşdığını deyib. “İşsizlik qalacaq yer kimi problemlər böyük problem olaraq qalır2-deyə o qeyd edib.
Güneyli fəlların bir hissəsi İran həbsxanalarında işgəncələrə məruz qalir, lakin sonradan izlər olmadiğina görə bunu sübut edə bilmədiklərini qeyd edirlər. Zaur Bayramılının sözlərinə görə, siyasi fəallar İranda çox vaxt qorxu və hədələrin mövcud şəraitdə həbsxanada işgəncəyə məruz qaldıqları halda həkim və ya ekspertlərdən rəy ala bilmirlər. Lakin o bildirib ki, internet və sosial media fəalların ingəncə və digər hallar haqda məlumatları geniş audirotiyaya çatdıra bilməsinə imkan yaradır.
Zaur Bayramlı deyib ki, əldə edilən məlumatlar Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq insan haqları qrupları və beynəlxalq təşkilatlara hesabatlar şəklində təqdim edilir, buna görə də o, siyasi məhbuslar və fəallara qarşı inamsızlığın olmasını düşünmür. Lakin o eyni zamanda bildirib ki, güneyli fəallara siyasi status verilməsi və bu kimi başqa məsələlərlə bağlı hələ də böyük çətinliklər qalmaqdadır.