Zəncanlı təqaüdçülər cərşənbə günü artıq üç gündür etiraz aksiyası keçiriblər.
Mitinqləri təşkil edən təqaüdçilərin maaş və müavinətlərin artırılmaması, habelə ödəmələrin gecikməsinə etiraz etdikləri bildirilir.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin məlumatına görə, Zəncan vilayətində Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər may ayının 30-dan bəri piket keçirirlər.
İyunun 1-də valilik binasının önündə toplaşan təqaüdçülər əvvəlki günlərdə isə Proqram və Büdcə Təşkilatının baş idarəsi önündə toplaşıblar.
“Mitinqə qatılan təqaüdçülər şüarlar səsləndirərək maaş və müavinətlərin artırılmaması, habelə ödəmələrin üç ay gecikməsinə etirazlarını bildirib və rəsmilərdən izahat tələb ediblər,” İLNA bildirib.
Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, çərşənbə günü Zəncanda başqa mitinqlər də keçirilib.
“İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalında yayılan məlumata görə, Zəncan Telekommunikasiya Şirkətinin işçiləri də şirkətin baş ofisində piket təşkil ediblər.
İşçilərin aylıq maaşlarının verilməməsinə etiraz etdiyi bildirilib.