Şəhər Şurası: ‘Ana’ adı qanuna uyğun deyil, məkan adları farsca olmalıdır

Zəncanın Gülşəhr məhəlləsində tikilən körpüyə ad verilməsi ilə bağlı əhali arasında keçirilən sorğuda çoxları "ana" adına üstünlük verib. Lakin Şəhər Şurasının sözçüsü “ana” adının qanuna uyğun olmadığını önə çəkib.

Zəncan Şəhər Şurası sözçüsünün mövzu ilə bağlı açıqlamarı yarı-rəsmi Fars xəbər agentliyində dərc edilib.

“İranda ümumi məkanlar və keçidlərin adlandırılmasına dair qanunun 5-ci maddəsinə əsasən, ölkənin siyasi-mədəni birliyini qoruyub gücləndirmək, həmçinin milli kimliyi qorumaq məqsədilə sadəcə farsca adlar qəbul edilə bilər,” deyə Səccad Xudayi açıqlayıb.

Onun bildirdiyinə görə, Azərbaycan türkcəsindəki “ana” adı bu qanuna uyğun deyil.

Sözçü həmçinin deyib ki, “ana türk sözüdür və keçirdiyimiz toplantıda da diqqətləri cəlb etdi. Zəncanda ana dilimizə diqqət yetirmək və onu yaşatmaq baxımından da yaxşı bir seçim olardı. Lakin qanuna uyğun deyil. Sadəcə Zəncan üçün deyil, hər yerdə belədir.”