Zaman yenidən hədəf alınıb

Türkiyə polisi ölkənin əsas mətbuat orqanının bağlanmasına etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Hökuməti tənqid edənlər həbslər və təqiblərə məruz qalır

​Polis Amerikada yaşayan dini lider Fətullah Gülenin tərəfdarlarına qarşı basqılarını artıraraq Zaman qəzetinin ofisinə reyd keçirib.

Fətullah Gülen

İnsan haqları təşkilatları Zaman qəzeti və onun ingilisdilli Today's Zaman-ın nəşrinə son qoyulmasına etiraz edir.

Nümayişlər Türkiyə və Avropa İttifaqı rəsmilərinin sammiti ərəfəsində baş qaldırıb.

Konspirasiya ittihamları

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güleni ədliyyə sistemi, polis və mediada tərəfdaşlar yaratmaqla hökuməti devirmək cəhdində ittiham edir. Gülen isə iddiaları rədd edir. Onlar arasında düşmənçilik 2013-cü ildən, Gülenin korrupsiya şikayətindən sonra yaranıb.

Zaman qəzetinin baş redaktoru Əbdülhəmid Bilici deyib ki, son illər hökuməti tənqid edənlər həbslər və təqiblərə məruz qalır.

Zaman Türkiyənin ən çox satılan qəzetidir. Onun 650 min abunəçisi var.

Tənqidlər
Avropa Parlamentinin nümayəndəsi Kati Piri Tvitter səhifəsində Türkiyə hökumətinin azad mətbuata qarşı hücumlarının təəssüf doğurduğunu yazıb.

Türkiyə rəsmiləri aqressiv əməllərdənsə, azad mətbuat öhdəliklərinə riayət etməlidir

Avropa İttifaqı Türkiyəni insan haqlarının vəziyyəti və PKK yaraqlılarına qarşı mübarəzə adı altında mülki əhalinin qətlinə görə ciddi şəkildə tənqid edir.

Türkiyə hökuməti isə bu iddiaları rədd edərək, təhlükəsizlik qüvvələrinin terror təşkilatı ilə mübarizə apardığını bildirir.

​Jurnalistlərin Müdafiəsi Təşkilatı Türkiyənin son əməlinə reaksiya bildirib. Təşkilatın rəhbəri Coel Simon deyib ki, Türkiyə rəsmiləri aqressiv əməllərdənsə, azad mətbuat öhdəliklərinə riayət etməlidir.

Türkiyə jurnalistlərin həbsinə görə dünyada öndə gedən ölkələr arasındadır.