Zahid Oruc görüş-mitinqi keçirib

Zahid Oruc

Oktyabrın 6-da prezidentliyə namizəd Zahid Orucun Yasamal rayonundakı “Məhsul” stadionunda görüş-mitinqi keçirilib. Azərbaycanın dövlət himninin oxunması ilə başlayan mitinqi giriş sözü ilə açan namizədin vəkili Nizami Quliyev Zahid Orucun tərcümeyi-halı barədə danışıb.

Zahid Oruc isə çıxış edərək, seçki platforması barədə mitinq iştirakçılarına məlumat verib, prezident seçiləcəyi təqdirdə həyata keçirəcəyi islahatlardan danışıb. O, çıxışının böyük hissəsini Milli Şurasının və onun prezidentliyə namizədinin tənqidi üzərində qurub. "Cəmil Həsənli 10 il bizim deputat yoldaşımız olub. 2010-da deputat seçilməyən kimi aləm qarışdı. Cəmil Həsənlinin mübarizəsi xalq uğrunda deyil. Cəmil Həsənli itirdiyi kreslonun ağrısı ilə yaşayır”-deyə Zahid Oruc bildirib.

Zahid Oruc bildirib ki, namizədliyini irəli sürməsi Heydər Əliyevin kursunu tanıyan, lakin müəyyən sosial dəyişiklikləri gözləyən, vətəndaş-məmur münasibətində yeniləşməni dəstəkləyənlərin mövqeyi üçün gərəklidir. Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsindən söz açan Zahid Oruc müəllimlərə dövlət qulluqçusu statusu verilməsinin vacibliyini vurğulayıb.