Yanvarın 16-da Bakıda Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bugünki prosesdə təqsirləndirilən şəxs Mahir Əzizova tərcüməçi təmin olunmadığı üçün anası Məhbubə Əzizova etiraz edib. Onun etirazına görə hakim Natiq Əliyev Əzizovanın məhkəmə zalını tərk etməsini bildirib. Zaldakı insanlar buna etirazı edib. Bu zaman Yunis Səfərov zaldakıların çıxıb getməsini istəyib. Etirazlardan sonra təqsirləndirilən şəxsin valideyni zalda qalıb.
Mahir Əziziov hakimdən bir tərcüməçinin niyə bu qədər böyük problemə səbəb olduğunu soruşub.
“Mən öz dilimizdə bilirəm. Təhsilimi rus dilində aldığım üçün hüquqi terminləri anlamıram. Bir tərcüməçinin təyin olunmasının bu qədər problem yaratdığını anlaya bilmirəm."
Hakim Yunis Səfərovun vəkili olmaq üçün Bəxtiyar Hacıyevin müqavilə bağladığını və təqsirləndirilən şəxsin buna etirazının olub-olmadığını soruşub. Yunis Səfərov danışmağa cəhd etsə də hakim onun sözünü kəsib.
Your browser doesn’t support HTML5
Firudin Zeynalov dövlət tərəfindən təyin olunan vəkildən imtina etsə də məhkəmə qərarı qəbul etməyib. Zeynalov hakimdən media nümayəndələrinin zalda çəkiliş etməsinə şərait yaradılmasını tələb edib.
“Bu məsələ ictimai məsələdi. Hər kəs bu məhkəmə ilə maraqlanır. Ona görə də icazə verin jurnalistlər buradan çəkiliş etsinlər.”
Təqsirləndirilən şəxs Cəfər Zalov dövlət tərəfindən təyin olunan vəkili Məmmədova Yeganədən imtina edib.
Yunis Səfərov audio və video ilə bağlı verilən vəsatət təmin olunmadığı üçün etiraz edib.
“Azərbaycanda 30 il ərzində heç kim deyə bilməz ki, kimsə məmuru öldürməyə cəhd edib. Bu iş bizim xalqımızı maraqlandıran bir məsələdir.”
Səfərov danışmağa çalışsa da hakim onun mikrafonunun bağlanmasını tələb edib.
Daha sonra Yunis Səfərovun dövlət tərəfindən təyin olunan vəkili Ağayev Elmar özü müdafiədən imtina edib.
Yunis Səfərov bildirib ki, o özünü müdafiə edə bilmir.
“Mən bu işdə mühakimə olunuram. Mən özümü müdafiə üçün iş görməliyəm. Amma 1 il 5 aydır ki, nə telefonla danışmağıma, nə də kimləsə görüşümə icazə verilmir. Mən özümün müdsafiəsini heç cür qura bilmirəm. Belə olan halda bu məhkəmə nə qədər ədalətli ola bilər? O hüquqlar mənə təmin olunmadan bu məhkəmə necə gedə bilər?” Səfərov sual edib.
Təqsirləndirilən şəxs Cəfər Zalovun vəkili İlqar Rüstəmov hakimə etiraz edib.
“Müdafiə etdiyim şəxs və digərləri dövlət tərəfindən təyin olunan vəkillərdən imtina edir, amma siz bu imtinanı təmin etmirsiniz.”
Bundan sonra vəkil Cavad Cavadov hakim Natiq Əliyevin sədrliyinə özü və digər vəkillərin etiraz etdiyini bildirib.
Məhkəmə baxışı fevralın 17-nə təyin edilib.
Vəkil Cavad Cavadov məhkəmə hakimlərinə etiraz etməsinin səbəbini izah edib.
Daha sonra Yunis Səfərovun xalası Mehriban Məmmədova jurnalistlərə Yunus Səfərovun həbsinin qanunsuz olduğunu və indiyədək ailəsinə heç bir görüş verilmədiyini deyib.
Yunus Səfərovun xalasının jurnalistlərə verdiyi açıqlamasını Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı nə təkzib edib nə də təsdiq.
Rəsmi məlumata görə Səfərov və daha 11 nəfər məhz icra hakimiyyəti başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.
İndiyədək "Gəncə işi"ndə ittiham olunan altmışadək şəxsin cinayət işi üzrə məhkəmə prosesləri başa çatıb. Onların məhkəmələri müxtəlif qruplar üzrə keçirilib. İttiham olunan şəxslər iki ildən 20 ilədək həbsə məhkum edilib. Onlardan bəziləri barəsində apellyasiya instansiyasında həbs qətimkan tədbiri dəyişdirilib.
"Gəncə işi"nə görə həbs edilənlərin valideynləri övladlarının günahsız yerə həbs edildiklərini və saxlandıqdan sonra işgəncələrə məruz qaldıqlarını deyirlər.