Yunanıstan: Miqrantlarla dolu qayıq batıb, 1 nəfər ölüb

Yunanıstanın sərhəd mühafizəçiləri bildirir ki, Foleqandros adası yaxınlığında bir qayığın batması nəticəsinə azı bir miqrant olüb, onlarla insanın itkin düşdüyü güman edilir.

Çərşənbə günü Afinanın 180 kilometr cənub-şərqində qayığın batmasının ardınca başladılan axtarış və xilasetmə əməliyyatı zamanı kimliyi bilinməyən bir şəxsin cəsədi tapılıb. Sərhəd mühafizə xidməti İraqdan olduğu güman edilən 12 nəfərin xilas edilərək, yaxınlıqdakı Santorini adasına aparıldığını bildirib.

Xilas olunanların əksəriyyəti qayıqda 32 nəfərin olduğunu bildirsə də, bir nəfər rəsmilərə qayıqda 50 nəfərin olduğunu deyib.

Sahil mühafizə xidməti axtarış və xilasetmə əməliyyatlarına sahil mühafizə xidmətinə məxsus dörd gəminin, hərbi dəniz donanmasına aid iki helikopterin, bir hərbi transportasiya təyyarəsinin, beş sərnişin gəmisinin və üç özəl qayığın cəlb olunduğunu bildirib.

“Sağ qalanlar qayığa bağlanan kiçik bir qayıqla qurtarlıb. Onların yalnız ikisi xilasedici gödəkçə geyinmişdi,” Sahil Mühafizə xidmətinin sözçüsü Nikos Kokkalas dövlətə məxsus ERT televiziyasına bildirib.

“Biz hər zaman ən pis ssenarini güman edirik. Bu dəfə qayıqda 50 nəfərin olduğunu nəzərə alırıq,” o deyib.

Sahil Mühafizə Xidməti bildirib ki, əməliyyat çərşənbə axşamı miqranltarı daşıyan qayığın mühərriyində nasazlıq yarandığı və içinə su dolduğuna dair məlumat daxil olandan sonra başlayıb.

Asiya, Yaxın Şərq və Afrikada münaqişə və yoxsulluqdan Avropa İttifaqına qaçan insanların əksəsiyyəti Yunanıstan keçməyə çalışır. Onların çoxu Türkiyə sahillərindən qayıqlarla yaxınlıqdakı Yunanıstan adalarına keçməyə cəhd edirlər.

Lakin patrulun artdığına və miqrantların kütləvi şəkildə Türkiyəyə deportasiya edildiklərinə dair xəbərlər səbəbilə bir çoxları daha böyük qayıqlarda daha uzun yollarla keçməyə cəhd edirlər.

Digərləri isə yunan adalarını yan keçərək Türkiyədən birbaşa İtaliyaya üz tuturlar.