Avropa liderləri Yunanıstana qəzəblidirlər

Tərəflər bu həftənin sonunadək razılıq əldə etməlidir

Qəzəbli Avropa liderləri beynəlxalq kreditorlarla xilas paketinin şərtləri barədə razılıq əldə etmək üçün Yunanıstana həftənin sonuna qədər möhlət veriblər. Yunanıstan baş naziri Aleksis Tsipras həftənin sonunadək razılığın əldə olunacağından əmin olduğunu deyib.

Bu gün yunan lider bildirib ki, hər hansı bir islahatın yükü əhali arasında paylaşılmalı, iş yerləri yaradılmalı və sahibkarlığı təşviq etməlidir.

Biz razılıq əldə edə bilməsək Yunanıstan müflis ola, bank sistemi isə iflas edə bilər. Bu isə əsasən Yunanıstan xalqı üçün ağır olacaq
Donald Task

Dünən keçirilən fövqəladə iclasdan sonra avrozona liderləri deyiblər ki, Yunanıstan baş naziri Aleksis Tsiprasın son islahat təklifləri onlarda müsbət fikir yaratmayıb.

“Biz razılıq əldə edə bilməsək Yunanıstan müflis ola, bank sistemi isə iflasa uğraya bilər. Bu isə əsasən Yunanıstan xalqı üçün ağır olacaq. Mən bunun Avropaya təsir edəcəyindən şübhə etmirəm. Kimsə buna inanmırsa, sadəlövhlük edir. Reallıq budur ki, bizim son razılıq əldə etməyimizə 5 gün qalıb. Bu günə kimi mən son möhlət tarixi barədə danışmaqdan çəkinmişəm. Amma bu gün aydın bir şəkildə deyirəm ki, razılıq əldə etmək üçün son tarix bu həftənin sonudur. Biz hamımız bu böhrana görə məsuliyyət daşıyırıq, ona görə də həll yolunu tapmaq hamımızın öhdəliyidir,” deyə Avropa Şurasının prezidenti Donald Task bildirib.

Ötən həftə Avropa maliyyə nazirləri Yunanıstana krediti artırmadığı üçün Yunanıstan Beynəlxalq Valyuta Fonduna 1.8 milyon dollarlıq borc ödəməsi edə bilməyib.

Afina xərclərin azaldılması, verginin artması və Avropa İttifaqının tətbiq etdiyi digər şərtlər nəticəsində çox əziyyət çəkdiyini deyir. Yunan seçicilər ötən həftənin sonu keçirilən referendumda daha çox ixtisarların həyata keçirilməsini rədd ediblər və Avropa İttifaqı kreditorlarını yunanları alçaltmaqda və qula çevirməyə çalışmaqda günahlandırıblar.

Mən Yunanıstanın Avro zonasında qalmağının tərəfdarıyam
Jan-Klod Yunker

“Mən yunan xalqının bizim onlara hörmət etmədiyimizə və terrorçu olmağımıza dair ittihamlarını rədd edirəm. Mən Yunanıstanın Avro zonasında qalmağının tərəfdarıyam,” deyə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bildirib.

Lakin Yunker qeyd edib ki, Avropa lideriləri artıq Yunanıstanın 19 ölkədən ibarət avrozonadan ayrılacağı üçün hazırlıqlara başlayıblar.

Bir çox yunan bankları bağlıdır, bankomatlardan isə günə sadəcə 67 dollar pul çıxartmaq olur. Mağazalar yavaş-yavaş boşalır, yanacaq doldurma stansiyasında isə benzin qurtarır. Heç kəs bundan sonra nə olacağını dəqiq bilmir.

Ağ Ev bildirir ki, ABŞ prezidenti Barak Obama dünən cənab Tsiprasla telefon söhbəti edib. O, bir daha təkrar edib ki, Yunanıstan və kreditorların razılıq əldə etməsi hər kəsin marağındadır.