532 yoluxma faktı təsdiqlənən Ermənistanda fövqəladə məhdudiyyətlər aprelin 10-na qədər uzadıldı

Pashinyan

Ermənistan koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə məhdudiyyətləri aprelin 10-dək uzadıb. Bu barədə çərşənbə axşamı ölkənin Baş Naziri Nikol Paşinyan bildirib.

Təxminən 3 milyon əhalisi olan Ermənistan Cənubi Qafqaz bölgəsində ən yüksək təsdiqlənmiş yoluxma sayına malikdir - 532 nəfər. Ölənlərin sayı isə 3 nəfərdir.

"Vəziyyəti nəzarət altında saxlamaq üçün bunu edirik (məhdudiyyətləri uzadırıq)" - deyə, Paşinyan Facebook-da canlı yayımda qeyd edib.

Martın 16-da Ermənistan bir ay davam edən fövqəladə vəziyyət elan etmişdi və daha sonra əksər müəssisələrin bağlanması və sərbəst hərəkəti məhdudlaşdırmaq üçün fövqəladə məhdudiyyətləri sərtləşdirmişdi. Yalnız ərzaq mağazaları, apteklər və bankların açıq qalmasına icazə verilib.

Baş nazirin müavini Tiqran Avinyan hökumətin qarşıdakı 10 gündə məhdudiyyətləri daha da sərtləşdirə biləcəyini deyib.

"Biz daha effektiv olmalıyıq və prosesi daha effektiv idarə edən polislə yanaşı digər qüvvələri (hüquq-mühafizə orqanlarını) cəlb edəcəyik" - deyə, Avinyan brifinqdə açıqlama verib.

Cənubi Qafqazın başqa bir ölkəsi olan Gürcüstanda çərşənbə axşamı 110 yoluxma faktı qeydə alınıb.