Yol polisi 100-dən çox taksini cərimələyib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) taksi fəaliyyəti ilə məşğul olanlardan bəziləri ilə bağlı məlumat yayıb.

İdarədən bu gün, oktyabrın 8-də yayılan məlumatda bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların hərəkətləridir. İddiaya görə, artıq iş o yerə çatıb ki, vətəndaşlar da taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir.

Məlumatda vurğulanır ki, bəzi taksi sürücülərinin dayanma-durma qaydalarını pozması, xüsusən avtobus dayanacaqlarını zəbt etmələri adi hala çevrilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşların müraciətlərini nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlarla mübarizə apardığını bildirir.

Məlumata görə, mübarizə tədbirləri metronun "20 Yanvar", "İnşaatçılar" stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətraflarını əhatə edib.

"Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb", - məlumatda yazılır.

DYPİ açıqlamasında vurğulayır ki, hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz.

"Avtomobil yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət yaradır", - idarənın açıqlamasında yazılır.

Konkret cərimələnən taksi sürücülərinin adları açıqlanmadığından onların bütün bunlara münasibətini öyrənmək mümkün olmayıb.

Ancaq lazımı sənədi olmadan taksi fəaliyyəti göstərənlər, əsasən, işsizlikdən şikayətlənirlər. Onların bəziləri bildirirlər ki, sənədlərini qaydaya salmağa maddi imkanları yoxdur.

AzadlıqRadiosu