Yəmən prezidenti hərbi liderlərə xəbərdarlıq edib

Yəmən prezidenti hərbi liderlərə xəbərdarlıq edib

Prezidentə sadiq silahlıların hücumu nəticəsində 52 nəfərin ölməsindən sonra çoxsaylı hökumət rəsmisi, qəbilə liderləri və diplomatlar müxalif qüvvələrin tərəfinə keçmişdi

Yəməndə bəzi hərbi komandirlərin müxalif nümayişçilər tərəfə keçməsindən sonra prezident Əli Abdulla Saleh hərbi liderlərə xəbərdarlıq edib ki, hər hansı hərbi çevrilişə cəhd vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı cənab Saleh bildirib ki, ordu daxilində hər hansı bölünmə bütün dövlətə mənfi təsir göstərə bilər.

Yəmənin ali hərbi rəsmisi general-mayor Mohsen Əl-Əhmar müxalifətin tərəfinə keçən hərbi liderlər arasında olub. Əhmar prezidenti istefaya çağıran nümayişçiləri qorumaq üçün minlərlə əsgər göndərəndən sonra bildirib ki, o dinc inqilabı dəstəkləyəcək.

Keçən həftənin cümə günü prezidentə sadiq silahlıların atış açması nəticəsində 52 nəfərin ölməsindən sonra çoxsaylı hökumət rəsmisi, qəbilə liderləri və diplomatlar müxalif qüvvələrin tərəfinə keçmişdi.