Priqojin iyun qiyamından sonra ilk video-müraciətində Afrikada olduğuna işarə edir

Muzdlulardan ibarət "Vaqner" qrupunun komandiri Yevgeni Priqojin

Rusiyanın muzdlulardan ibarət "Vaqner" qrupunun komandiri Yevgeni Priqojin iyunun sonlarında qısa sürən qiyamdan sonra bazar ertəsi qrupa bağlı Telegram kanallarında belə görünür Afrikadan ilk video-müraciətini yayımlayıb.

Video-görüntülərdə Priqojin kamuflyajda və əlində avtomat səhrada dayanıb. Uzaqda isə çox sayda silahlı adamlar və bir yük maşınının olduğu göstərilir.

Reuters xəbər agentliyi videonun geolokasiyasını və ya tarixini müəyyən edə bilməyib. Lakin Priqojinin şərhləri və "Vaqner"ə yaxın kanallardakı bəzi yazıları videonun Afrikada çəkildiyi ehtimalını irəli sürməyə əsas verir.

"Temperatur müsbət 50-dir və hər şey istədiyimiz kimidir. Vaqner özəl hərbi şirkəti Rusiyanı bütün qitələrdə daha da qüdrətli, Afrikanı isə daha azad edir. Afrika xalqı üçün ədalət və xoşbəxtlik, İŞİD, Əl-Qaidə və digər quldurlar üçün həyatı kabusa çeviririk", Priqojin videoda deyir.

O daha sonra deyir ki, "Vaqner" insanları cəlb edir və qrup "qarşıya qoyulan vəzifələri yerinə yetirəcək". Qrupa qoşulmaq istəyənlər üçün videoya telefon nömrəsi əlavə olunur.

İyunun sonlarında Rusiya müdafiə qurumuna qarşı qısamüddətli qiyama rəhbərlik etməsi və Kremlin onun və Ukraynada müharibədə ən şiddətli döyüşlərdə iştirak etmiş bəzi döyüşçülərinin ölkəni tərk edərək, Belarusa gedəcəyini bəyan etməsindən sonra "Vaqner" və Priqojinin gələcəyi qeyri-müəyyən olaraq qalırdı.

İğtişaşdan sonra "Vaqner" qrupunun bəzi döyüşçüləri Belarusa keçərək, orada orduya təlim keçib. İyulun sonunda dərc olunan açıqlamlarında Priqojin həmçinin "Vaqner"in Afrikadakı mövcudluğunu daha da artırmağa hazır olduğunu bildirib.