Prezident Serj Sarkisyanın elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı vətəndaşlara maliyyə yardımı barədə bəyanatından sonra mitinqçilər ölkə miqyasında səfərbərlik elan ediblər.
«Elektrik Yerevan» hərəkatının fəalları elektrik enerjisinin qiymətinin avqustun 1-dən 16 cent artırılması barədə qərara etiraz olaraq bir həftədən çoxdur ki, paytaxt küçələrində mitinq keçirirlər.
İyunun 27-də Sarkisyan bildirib ki, müstəqil audit qurumu planlaşdırılan qiymət artımının ədalətli olub-olmadığına qərar verənədək qiymətin artırılan hissəsini hökumət öz üzərinə götürəcək.
«Əlbəttə, bunun üçün biz mövcud sosial proqramlarımızın heç birini təxirə salmayacağıq. Əvəzində təhlükəsizliyimizin gücləndiriliməsi üçün nəzərdə tutulmuş vəsaitdən istifadə edəcəyik», - Sarkisyan belə deyib.
Mitinqçilər isə qiymət artımı barədə qərarın ləğvinin televiziya ilə elan olunmayanadək küçəni tərk etməyəcəklərini bildiriblər.
Onlar iyunun 23-də mitinq dağıdılarkən aksiyaçılara və jurnalistlərə güc tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.
AKSİYALAR DAVAM EDƏCƏK
İyunun 28-də Yerevanda «Talana yox» aksiyası davam edəcək.
Bu haqda AzadlıqRadiosunun erməni xidmətinə aksiya təşkilatçılarından biri- Vaginak Shushanian məlumat verib.
O deyib ki, aksiya iyunun 28-də bütün gecə və iyunun 29-da bütün günü davam edəcək.
Yerevanın mərkəzi Baghramian prospektində etiraz aksiyası iyunun 19-da hökumət elektrik enerjisinini qiymətlərinin qaldırandan sonra başlayıb.