Yeni Müsavat qəzetinə qarşı iki milyon dollardan çox iddia irəli sürülüb

Yeni Müsavat qəzetinə qarşı iki milyon dollardan çox iddia irəli sürülüb

“Yeni Müsavat” hökuməti, ayrı-ayrı məmurları tənqidi yazılarına görə davamlı olaraq basqı altındadır. Son 5 ildə qəzet 50 dəfədən artıq məhkəməyə çəkilib, əməkdaşları 70 dəfədən artıq basqı ilə üzləşib.

Media Hüququ İnstitutu (MHİ) “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiaları ilə bağlı bəyanat yayıb.

MHİ tənqidçi xəbər mediasına mənsub olan yazarların, media qurumlarının ictimai önəmli yazılarına görə çoxsaylı və əsassız diffamasiya iddiaları ilə üzləşmələrindən narahatdır. “Son dövrdə ölkənin azsaylı tənqidi qəzetlərindən biri olan “Yeni Müsavat” qəzeti belə kütləvi diffamasiya iddialarının hədəfinə çevrilib. İddiaçı və şikayətçilərin hamısı ictimai fiqurlar, ya da məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir. “Yeni Müsavat” hökuməti, ayrı-ayrı məmurları tənqidi yazılarına görə davamlı olaraq basqı altında olub. Son 5 ildə qəzet 50 dəfədən artıq məhkəməyə çəkilib, əməkdaşları 70 dəfədən artıq basqı ilə üzləşib. Qəzetə qarşı qaldırılan məhkəmə davaları əksər hallarda “Yeni Müsavat”ın əleyhinə bitib. 2011-ci ildə “Yeni Müsavat”a qarşı məhkəmə davaları xüsusilə artıb”.

MHİ son bir ildə “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə davalarının qısa icmalını da sadalayıb:

Millət vəkili cənab Cəlal Əliyev “Yeni Müsavat”a qarşı - Cənab C.Əliyevin tələbi məhkəmələr qəzeti 1500 AZN kompensasiya ödəməyə məcbur edən qərar veriblər;

Müdafiə Nazirinin müavini cənab Çingiz Məmmədov “Yeni Müsavat”a qarşı - Azərbaycan Respublikasının silahlı qüvvələrində baş verən ölüm halları barəsində yazılara görə Müdafiə Nazirinin müavini cənab Çingiz Məmmədov “Yeni Müsavat”ı məhkəməyə verib. Nazir müavini “Yeni Müsavat”ın silahlı qüvvələrdən yazan yazarlarının həbs olunmasını tələb edir. Şikayətçi üstəlik tənqidçi nəşrin üzərinə 100 000 AZN təzminat qoyulmasını da istəyir;

“Gilan” Qəbələ Konserv Zavodu “Yeni Müsavat”a qarşı – “Gilan” 2009-cu ilin aprelində “Yeni Müsavat”da dərc olunmuş yazılara görə, qəzetdən 1 milyon AZN alınıb ona ödənilməsini tələb edir. Bu məbləğ “Yeni Müsvat”ın 10-15 illik büdcəsinə bərabərdir. İddiaçı “Gilan”ın istehsal etdiyi Jalə adlı meyvə şirələriylə bağlı yumor stilində yazılmış göşə yazısının bu şirələrin satışına ciddi zərər vurduğunu, satışın kəskin azaldığını, zavoda böyük ziyan dəydiyini deyir;

Azərbaycan Respublikası Nəqliyyat nazirinin oğlu, ZQAN şirkətlər qrupunun prezidenti cənab Anar Məmmədov “Yeni Müsavat” qəzetinə qarşı – cənab A.Məmmədov qəzetdən ona vurulduğunu iddia etdiyi 500 000 AZN təzminat tələb edir;

Haciqabul rayonunun icra başçısı cənab Əhməd Muxtarov “Yeni Müsavat” qəzetinə qarşı – Cənab Ə. Muxtarov rayon təsərrüfatının durumu barədə qəzetdə dərc olunan bütün tənqidi yazıların təkzib olunmasını tələb edir;

İsa Məhərrəmov “Yeni Müsavat”a qarşı - Bu iddianı bu ilin aprel ayında Bakı şəhərində keçirilən etiraz aksiyalarında inzibati binaların pəncərələrini qırdığı iddia olunan Şirvan şəhər sakini İsa Məhərrəmov qaldırıb. Həmin aksiyalar zamanı əksər tənqidçi qəzetlər adıçəkilən şəxsin etiraz aksiyasına yönəlmiş təxribatlarda iştirak etdiyi barədə bilgiləri, onun fotolarını yaymışdı. Həmin bilgilərin uydurma olduğunu deyən iddiaçı “Yeni Müsavat”ın 25 000 AZN təzminat ödəməsini tələb edir.

MHİ hökumətdə yüksək vəzifə tutan şəxslərin, onlara bağlı şəxsləri “Yeni Müsavat”a qarşı məhkəmə davalarından geri çəkilməyə, mətbuatın demokratik toplumda oynadığı əvəzedilməz rolu yerinə yetirməsini əngəlləyən addımlardan çəkinməyə çağırır.