Yeni ittihamlarla suçlanan güneyli fəal Əlirza Fərşinin məhkəmə iclası keçirilib

Əlirza Fərşi

Tehran həbsxanasında saxlanılan güneyli siyasi fəal Əlirza Fərşinin yeni ittihamlarla əlaqədar məhkəmə iclası Evin Prokurorluğunun 3-cü şöbəsində keçirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, siyasi fəal Əlirza Fərşi həbsxanadan bir səs qeydi göndərərək bu haqda məlumat paylaşıb.

Siyasi məhbusun dediyinə görə, məhkəmə iclasının vaxtı barədə ona İranın Cinayət Prosessual Qanununa zidd olaraq məhkəmə iclasına cəmi 12 saat qalmış məlumat verilib.

Əlirza Fərşi fevralın 15-də göndərdiyi səs qeydində Tehranın Müqəddəs Məhkəməsinin üçüncü istintaq bölməsində "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə keçirilən məhkəmə iclasının keçirilməsi və prosesini qanunsuz və nümayişkaranə adlandırıb və buna etiraz edib.

Milli fəala qarşı irəli sürülən bu ittihamlar ilə əlaqədar qurulan məhkəmə iclası onlayn şəkildə keçirilib.

Əlirza Fərşi bu iddia ilə əlaqədar olaraq 2020-ci ilin yanvar ayının 8-də Tehrandakı iş yerində İran hökumətinin Kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və daha sonra girov müqabilində sərbəst buraxılımışdı.

Hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq Ana dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.