Dünya rekordunu təzələyən dənizçini qarşılamaq üçün bazar günü Fransanın Brest dəniz limanına böyük bir izdiham toplanmışdı. Fransis Qabart limana yaxınlaşdıqdan sonra qələbəsini fişəng və şampan partlatmaqla qeyd edib. 34 yaşlı dənizçi bildirib ki, o əvvəlki rekordu bu qədər fərqlə təzələcəyini gözləmirdi.
Qabartın sözlərinə görə, onun uğur qazanmasına səbəb şanslı vaxtda dənizə açılması və dənizin vacib yerlərində əlverişli hava şəraitinin olması olub. Lakin onun komanda yoldaşları isə deyir ki, uğurun səbəbi Qabarın hər xırda detalı belə planlamasıdır. Onlar düşünür ki, Fransis dəqiq hesablamaları sayəsində dünya ətrafında dövrə vurmağın əvvəlki rekordunu 6 gün 10 saat qabaqlamağa nail ola bilib. Əvvəlki dünya rekordunu sahibi digər fransız Tomas Kovill isə bildirib ki, müasir texnologiyalar dənizçilərin daha sürətli yelkən açmasına imkan verir.
"Müasir texnologiyaların əhəmiyyətli dərəcədə inkişaf etməsi dənizçilərə təkbaşına dünya ətrafında dövrə vurmağa kömək edir. 10 il əvvəl heç kim təsəvvür edə bilməzdi ki, dövrəni 40 günə sona çatdırmaq olar. İndi isə biz buna çox yaxınıq." - deyə, Tomas Kovill bildirib.
Son 10 ildə dayanmadan və təkbaşına dünya ətrafında dövrə vurmaq sahəsində diqqətəlayiq inkişaf müşahidə edilməkdədir. Fransız dənizçi Fransis Hoyon 2004-cü ildə bu dövrəni 73 gündən az müddətə tamamlamışdı. Bundan bir il sonra isə ingilis qadın dənizçisi Ellen Makartur Fransis Hoyonu bir gün yarım qabaqlamışdı. Keçən il səyahətə çıxan Kovil isə yeni dünya rekordunu 49 gün 3 saat müəyyən etmişdi. Fransis Qabart isə elə ilk cəhdindən dünya ətrafında yelkənli qayıqla səyahətini 42 gün, 16 saat, 40 dəqiqəyə tamamladıqdan sonra bazar günü sahilə yan alaraq, səyahətini sonlandırıb.