Yəmənin liman şəhəri Ədənin qubernatoruna sui-qəsd cəhdi olub

Yəmənin liman şəhəri Ədənin qubernatoru sui-qəsd cəhdindən xilas ola bilib.

Maşına yenrləşdirilmiş partlayıcı qurğu qubernator Aidaros Əl-Zubaidini daşıyan maşın karvanına yaxınlaşarkən işə salınıb. Əl-Zubaidi partlayış zamanı xəsarət almayıb. Lakin onun bir neçə cangüdəni yaralanıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin İŞİD tərəfdarı qrup ötən ay Əl-Zubaidinin sələfi Caafar Saadı qətlə yetirib.

Dünən baş vermis hücum Ədəndə Yəmən qüvvələri ilə yaraqlılar arasında atışmadan bir gün sonra baş verib. Bu yaraqlılar ərazidə digər yaraqlı qruplar kimi Yəməndə hakimiyyətə gəlmək və paytaxt Sənanı idarə edən Huti üsyançılarını devirmək istəyir.

Səudiyyə Ərəbistanının hava və quru qüvvələri Yəməndə beynəlxalq səviyyədə tanınmış hökumətin tərəfində döyüşür.

BMT-nin Təhlükəsizlik Şurası Nyu-Yorkda bütün tərəfləri Yəməndə davamlı atəşkəs və sülh danışıqlarının bərpasına çağırıb.

Təşkilatın 15 üzvü bir daha Yəməndə humanitar böhran barədə narahatlıqlarını ifadə edib və vəziyyətin daha da pisləşdiyini bildirib.

Yəməndə vahid hökumət yaradılmasına dair son danışıqlar nəticə verməyib.