Yəməndə polis Səna universiteti yaxınlığında hökumət əleyhinə nümayişçilərə güllə atıb və gözyaşardıcı qazdan istifadə edib. Tibbi mənbələrə əsasən, onlarla insan yaralanıb. Şahidlərin bildirdiyinə görə, əllərində bıçaq və dəyənək olan hökumət tərəfdarları da nümayişçilərə hücum edib. Nümayişçilər prezident Əli Abdulla Salehin istefası tələbilə günlərdir universitetin qarşısında düşərgə qurub. Ölkənin Taiz və Ədən vilayətlərində də hökumət əleyhinə nümayişlər keçirilib. ABŞ Dövlət Departamenti keçən həftə Yəməndə insan ölümü və xəsarət alanlara dair gələn məlumatlardan dərin narahatlıq hissi keçirdiyini bəyan edib.