Yəmən prezidenti sülh danışıqları üçün şərtlər irəli sürüb

Yəmən prezidenti Abdu Rabu Mənsur Hadi

Yəmənin sürgündə olan hökuməti bildirib ki, Huti üsyançılarının BMT qətnaməsinə uyğun olaraq ələ keçirdiyi ərazilərdən çıxmayana qədər hökumət BMT-nin vasitəçiliyi ilə danışıqlarda iştirak etməyəcək.

Yəmən prezidenti Abdu Rabu Mənsur Hadinin açıqladığı bəyanatda deyilir ki, hökumət üsyançılar 2216 saylı qətnaməni tanımayana və onun şərtlərinə əməl etməyənə qədər heç bir görüşə qatılmayacaq.

Bəyanat tərəfləri sülh danışıqları keçirilməsi məqsədilə bir araya gətirilməsi üçün baş tutmamış cəhdlərdən sonra verilib.

Prezident Hadi Yəməni bu ilin əvvəli tərk edib. Onun hökuməti fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirir.

Huti üsyançılarının keçən ilin sentyabr ayında paytaxt Sənada irəliləməsindən sonra Yəməndə müxtəlif qruplar nəzarəti ələ almaq üçün silahlı mübarizə aparır. Toqquşmalarda 4 min 500 döyüşçü və mülki vətəndaş ölüb. Səudiyyə Ərəbistanının mart ayında hava hücumları keçirməyə başlaması Yəməndə humanitar böhranın yaranmasına gətirib çıxarıb.

Körfəzdə Oman istisna olmaqla digər ərəb ölkələri iranın dəstəklədiyi Huti üsyançılarına qarşı Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi hava kampaniyasına qoşulub.

Hökumət tərəfdarı qüvvələr son həftələr üstünlük əldə edərək, Huti üsyançıılarının ələ keçirdiyi mövqelərə nəzarəti geri ala bilib. Cənab Hadi tərəfdarı qüvvələr Sənadan şərqdə üsyançılara qarşı genişmiqyaslı hücuma başlayıb.