Yəməndə hava hücumları 30-dan çox mülki vətəndaşın ölümünə səbəb olub

BMT-nin bildirdiyinə görə, Yəməndə hava hücumları 30-dan çox mülki vətəndaşın ölümünə və 12 nəfərin yaralanmasına səbəb olub.

Yəmənin husi döyüşçüləri hücuma görə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrini günahlandırıb. Husilər koalisiyanın döyüş təyyarəsinin Cavf vilayətində vurulduğunu iddia edib.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi koalisya sözçüsü polkovnik Türki Əl-Malikiyə istinadən təyyarəyə dəyən zərərin araşdırıldığını bildirib.

Sözçü Tornado təyyarəsinin husilərin atəşindən sonra təhlükəsiz şəkildə yerə endiyini deyib. O, tələfat və ya xəsarət barədə məlumat verməyib.

Birləşmiş Millətlər Təşkilatı Yəməni dünyanın ən güclü humanitar böhran yaşayan ölkəsi hesab edir. 24 milyondan çox insanın təxminən 80 faizinin beynəlxalq yardıma və qorunmaya ehtiyacı var.

10 milyon insanın sağ qalması üçün ərzaq yardımına ehtiyac duyduğu və 7 milyon insanın kifayət qədər bəslənə bilmədiyi qeyd olunur.