Səudiyyə Ərəbistanı sərhəddə hücum təşkil edən Huti üsyançılarını zərərsizləşdirib

Səudiyyə Ərəbistanı sərhəddə irimiqyaslı hücumlar təşkil edən onlarla yəmənli şiə üsyançını öldürdüyünü bildirib.

Ölkənin Müdafiə Nazirliyinin yayımladığı bəyanatda deyilir ki, cənub Nacran vilayətində cümə axşamı günü döyüşlər zamanı üç Səudiyyə əsgəri həlak olub.

Nazirliyin məlumatına görə, üsyançılar sərhəd nəzarət məntəqəsinə hücum ediblər. Onlara hava və quru qoşunlarının birgə əks-hücumu ilə cavab verilib.

Hadisə Səudiyyənin başçılıq etdiyi koalisiya qüvvələrinin üsyançılara qarşı beş həftə əvvəl başlatdığı hava hücumlarından sonra sərhədə edilən ən genişmiqyaslı təxribatdır.

Rəsmi Ər-Riyad keçən həftə hava hücumlarını dayandırdığı açıqlayaraq İranın dəstəklədiyinə inanılan üsyançıların gücünün zəiflətdiyini bildirib.

Hutilərin dəstəklədiyi sabiq prezident Əli Abdullah Saleh 2012-ci ildə Ərəb Baharı nümayişləri zamanı hakimiyyətdən devrilmişdi.

Üsyançılar Yəmənin paytaxtı Sənanı ələ keçirərək Qərbin dəstəklədiyi prezident Abdu Rabu Mansur Hadini Səudiyyə Ərəbistana qaçmağa məcbur etmişdilər.