İki gün əvvəl rəsmən hava hücumlarının dayandırıldığını elan edən Səudiyyə Ərəbistanı Huti mövqelərinə qarşı havadan zərbələri bu gün də davam etdirib.
Şahidlərin dediyinə görə, reydlər əsasən Huti üsyançıları ilə devrilmiş prezidentin tərəfdarları arasında qızğın döyüşlərin getdiyi cənub liman şəhəri Ədən ətrafında keçirilib.
Səudiyyə Ərəbistanı həlledici hücum olduğunu deyərək, çərşənbə axşamı hava hücumlarının dayandırıldığını elan etmişdi. Lakin bir neçə saat sonra koalisiyanın hərbi təyyarələri üsyanşıların Ədən və Taiz şəhərlərindəki mövqelərini yenidən hədəf alıb.
Artıq bir aydır yüzlərlə insanın həyatına son qoyan və Yəməndə ciddi humanitar böhran yaradan bomba hücumları şiə yaraqlıların qismən geriyə çəkilməsinə səbəb olub.