Yəmən husiləri İrana gedən karqo gəmisini vurub, gəmiyə cüzi ziyan dəyib

ABŞ hərbi rəsmilərinin bildirdiyinə görə, Yəməndə İranın dəstəklədiyi husilər bazar ertəsi Qırmızı dənizdə İrana gedən yük gəmisinə iki raket atıb. Gəmiyə cüzi ziyan dəyib, lakin xəsarət alan olmayıb.

Gəmi nəqliyyatı mənbələri bildiriblər ki, səhər tezdən endirilən zərbələr göründüyü kimi, Qəzzada İsrail-HƏMAS müharibəsində fələstinlilərlə həmrəylik olaraq beynəlxalq gəmiçilərə hücumlara başlamasından bəri husilərin İrana gedən gəmini hədəf aldığı ilk hücumdur.

"İranın dəstəklədiyi husi militantları Yəmənin husilərin nəzarətindəki bölgələrindən Bab Əl-Məndeb istiqamətində iki raket atıb", ABŞ-ın Mərkəzi Komandanlığı əvvəllər Twitter kimi tanınan X sosial media saytında bildirib.

"Hər iki raket Qırmızı dənizdən keçən, Braziliyadan qarğıdalı daşıyan Yunanıstana məxsus, Marşal adaları bayrağı altında "MV Star Iris" karqo gəmisinə doğru atılıb", məlumatda deyilib.

"Gəmi dənizdə fəaliyyətə yararlı olduğu, cüzi zərər dəydiyi və ekipajın heç bir xəsarət almadığı haqda məlumat verib", CENTCOM rəsmiləri X sosial media platformasında bildirib. "Qeyd edək ki, "MV Star Iris"in təyinat yeri İranda Bəndər İman Xomeyni limanıdır", məlumatda qeyd edilib.

Husilərin hərbi sözçüsü Yəhya Sari televiziya ilə verdiyi açıqlamada gəminin Amerikaya aid olduğunu, dəniz nəqliyyatı daşımaları mütəxəssisləri isə Marşal adaları bayrağı altında üzən gəminin Yunanıstana məxsus olduğunu deyib.

CENTCOM və "Kpler" məlumat və analitik qrupu tərəfindən gəmi nəqliyyatı izləmə təhlilərinə görə, "Star Iris" Braziliyadan İrana qarğıdalı yükü daşıyırdı.

"Star İris" İrana yük daşıyan hər bir gəmi kimi, bəlkə də gəminin təyinat yeri nəzərə alınsa, İranın dəstəklədiyi "dost" sayıla bilən" husilərin hücumlarından qorxmadan Qırmızı dənizdə hərəkətini davam etdirib" - deyə, "Kpler"in kənd təsərrüfatı məhsulları üzrə baş mütəxəssisi və analitiki İşan Bhanu bildirib.

Regional təhlükəsizlik rəsmisi hücumun "İranın husilərə nəzarət etmədiyini və müstəqil hərəkət etdiyini göstərmək üçün" təşkil edildiyini və husilərin Tehranı əvvəlcədən məlumatlandırdığını deyib.

Yəməndə ölkənin ən sıx məskunlaşdığı bölgələrinə nəzarət edən husi militantları noyabrın ortalarından bəri beynəlxalq ticarət gəmilərini dəfələrlə atəşə tutub. Gəmiçilik və sığorta mənbələrinin bildirdiyinə görə, onların hədəfi ABŞ, Britaniya və ya İsraillə ticarət əlaqələri olan gəmilər olub.

Hücumlar bir neçə şirkətin Qırmızı dəniz səyahətlərini dayandırmasına və Afrika ətrafında daha uzun və daha bahalı marşrutlar seçməsinə səbəb olub, ABŞ və Britaniyanın döyüş təyyarələri isə Yəmənə cavab zərbələri endirib.