Amnesty International: Yəməndə müharibə cinayətləri törədilir

Təşkilat bu qənaətə 13 hava hücumunu nəzərdən keçirdikdən sonra gəlib

İnsan hüquqlarının müdafiəsi qrupu Amnesty International Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Huti yaraqlılarına qarşı hava hücumlarını müharibə cinayəti adlandırıb.

Təşkilat bu qənaətə may və iyul ayları arasında Səda bölgəsində 13 hava hücumunu nəzərdən keçirdikdən sonra gəlib.

2 saat davam edən hücum nəticəsində 35-i 11 yaşdan aşağı uşaq olmaqla, 55 adam həlak olub

Amnesty International-ın əməkdaşı Raşa Məhəmmədin bildirdiyinə görə, hücumlar zamanı 59-u uşaq olmaqla, 100 nəfər mülki vətəndaş öldürülüb.

“İyul ayında həyata keçirilən hücum zamanı 9 ev dağılıb. 2 saat davam edən hücum nəticəsində 35-i 11 yaşdan aşağı uşaq olmaqla, 55 adam həlak olub.”

İnsan hüquqlarının müdafiəsi qrupu bildirir ki, hücumdan sonra istifadəsi beynəlxalq saziş tərəfindən yasaqlanan kaset bombalarının qəlpələri aşkar edilib.

Səudiyyə Ərəbistanı təşkilatın məlumatına münasibət bildirməsə də, daha əvvəl kaset bombalardan istifadə edilmədiyini və yalnız yaraqlıların hədəf aldındığını deyib.

Amnesty International-ın əməkdaşı Raşa Məhəmməd: “ Biz başda ABŞ olmaqla, koalisiyaya daxil olan bütün dövlətləri silah təminatının dayandırılmasına çağırırıq. Belə ki, silahlar müharibə cinayətlərinin törədilməsində istifadə edilir. İkincisi, beynəlxaq ictimaiyyəti bu cinayətlərin araşdırılmasına çağırırıq.”

Beynəlxaq ictimaiyyəti bu cinayətlərin araşdırılmasına çağırırıq

BMT-nin İnsan haqları komitəsi keçən ay açıqladığı hesabatda münaqişə tərəflərinin hər ikisinin də beynəlxalq qanunları pozduğunu bildirib. Komitənin sözçüsü Rupert Kolvill: "Hesabatda koalisiya qüvvələrinin qəsdən mülki əhali və ya mülki infrastrukturu hədəf aldığı deyilməsə də, çox sayda mülki vətəndaşın həlak olduğuna dair kataloq hazırlanıb."

Aprel ayından bəri Yəməndə 2350-dən çox mülki vətəndaş öldürülüb.