Baş prokurorun səlahiyyətlərini icra edən Yets prezident sərəncamını yerinə yetirməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi axşam Ədliyyə Nazirliyinə yeddi müsəlman ölkəsindən səyahətlərə müvəqqəti qadağa qoyulması barədə sərəncamı müdafiə etməmək əmri verdiyinə görə prokurorun səlahiyyətlərini icra edən Selli Yeytsi vəzifəsindən azad edib.

Ağ Ev-in bəyanatında Selli Yetsin "ABŞ vətəndaşlarını müdafiə etmək üçün nəzərdə tutulan əmri yerinə yetirməkdən imtina etməklə Ədliyyə Nazirliyinə xəyanət etdiyi" bildirilir.

Yets Ədliyyə Nazirliyinin vəkillərinə məktub yazaraq prezidentin əmrinin qanuni olmasından əmin olmadığını deyib.

Ağ Ev bəyanatında Yetsin "sərhədlərin müdafiəsində zəif, qanunsuz mühacirlər məsələsində isə çox zəif olduğu" deyilir.

Demokrat senator Riç Blumental Yetsin işdən kənarlaşdırılmasından sonra onun hərəkətini yüksək qiymətləndirib.

2015-ci ildə keçmiş prezident Barak Obama Yetsi baş prokurorun müavini vəzifəsinə təyin edib. Tramp administrasiyası ondan Senat yeni baş prokuroru təsdiqləyənədək vəzifəsini icra etməyə davam etməsini istəyib.

Virciniya ştatından ABŞ prokuroru Dana Boentenin müvəqqəti olaraq Yetsi əvəz edəcəyi bildirilib.

Prezident Tramp tərəfindən verilən sərəncam ötən həftə sonu əsasən hava limanlarında anlaşıılmazlıqlara səbəb olub. Amerikada daimi yaşayış icazəsi olan şəxslər ölkəyə buraxılmazdan əvvəl saxlanılaraq sorğu-sual edilib.

Nyu-Yorkda federal hakim ABŞ hava limanına etibarlı vizalar və ya təsdiq edilmiş qaçqın müraciətləri ilə gələn şəxslərin deportasiyasının müvəqqəti qadağan olunması barədə təcili qaydada əmr verib.