Yasəmən Qaraqoyunlu: Qasim Süleymaniyə yas tutanların əksəriyyəti İranın beşinci kolonudur

Yasəmən Qaraqoyunlu

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində General Qasım Süleymaninin öldürülməsindən sonra Azərbaycanda durum, bir qism Azərbaycan vətəndaşının İran rejimini müdafiə etməsinin səbəbləri, İran Azərbaycanda milli-mədəni hərəkatdan danışıb.

Amerikanın Səsi: İran İslam Qvardiyasının elitar Qüds korpusunun komandanı General Qasım Süleymaninin öldürülməsi Azərbaycanda müxtəlif reaksiyalarla qarşılanıb. Müşahidə etdikləriniz sizi hansısa formada təəccübləndirdimi?

Aşura dönəmində 100 minlərlə insan meydanlara çıxanda dövlət nəzərə almalıydı ki, həmin adamlar sabah İranın çox ciddi bazası olacaq.

Yasəmən Qaraqoyunlu: Sözün düzünü deyim, müşahidə etdiklərim məni əsla təəccübləndirmədi. Ona görə ki, mən həmişə demişəm, illərlə bunu söyləmişəm, İranda gedən bütün proseslər, Quzey Azərbaycanda gedən proseslər İranın içini, İrandakı türklüyü çox ilgiləndirir. Ona görə də İranda baş verən dəyişikliklər bizdə reaksiyalar doğurur, bizdə baş verənlər isə orada reaksiyalar doğur. Çünki biz eyni toplumuq, eyni tarixi mirası, eyni sivilizasiyanı, eyni kültürü paylaşan bir toplumuq. İndi, bizi siyasi sərhədlər ayırıb. Əslində eyni sivilizasiya, idenfikasiyaya sahib bir toplumuq. Ona görə mən heç təəccüblənmirəm. Amma burada bir neçə nüans var. Birincisi, burada dediklərimin yanında Azərbaycanda son illərdə İranın beşinci kolonu formaşaldırılıb. Təxminən 4-5 il əvvəl Tehran Universitetinin Uluslararası İlişkilər bölümünün başqanı (adını unutmuşam) professor var idi. O qeyd edirdi ki, İran yönünü Orta Doğuya çevirib. Tutaq ki, Əfqanıstan, Suriya, İraq, Yəmən - İran bu bölgələrdə aktivdir. İranın maraqları burada qorunur. Amma elə bil, Qafqaz İranın nəzərindən çıxıb. İranın nəzərindən çıxdıqca da burada panturanist hərəkatlar güclənir və İranın rejimini təhdid edir. Ona görə də diqqətimizi Qafqazlara yönəltməliyik. Məhz o çıxış əslində İranın Qafqaz siyasətini və Qafqaza diqqətini açıqlayırdı. O çıxışlardan sonra İran Qüzey Azərbaycanda güclənməyə başladı. İranın sosial şəbəkələrində 400-dən çox hesabları var. Bu sosial şəbəkələrdəki hesablar kod adlarla, müxtəlif adlarla, əslində Quzey Azərbaycan dövlətinə, toplumuna qarşı bir savaş açmışdır. Məsələn, Quzey Azərbaycanı Bakı dövləti adlandırırlar. Eyni zamanda bir bölücülük aparırlar. Məsələn, Abşeron bölgəsini “Tatistan“ hesab edirlər. Cənub bölgəsini “Talışıstan” adlandırırlar. Şirvan-Aran söhbətlərini gündəmə gətirirlər ki, Azərbaycan dövlətçiliyi anlayışı sıradan çıxsın. Bu, Azərbaycan dövlətçiliyinə bir təxribatdır. İran bizə qarşı çox ciddi fəaliyyət göstərir. Qasım Süleymaninin öldürülməsi ilə bağlı ona yas tutan insanların əksəriyyəti İranın beşinci kolonudur. İranın müxtəlif mədrəsələrində təhsil verdiyi şəxslər təbii ki, Azərbaycana gəlib İran maraqlarını güdür. Həmin Qasım Süleymaniyə yas tutan onlardır. Amma biz gərək indi deyil, bir neçə ki, Aşura dönəmində 100 minlərlə insan meydanlara çıxıb Aşura mərasimini yerinə yetirəndə dövlət hökmən nəzərə almalıydı ki, həmin mərasimi yerinə yetirən adamlar sabah İranın burada çox ciddi bazası olacaq. Əslində, bu göstərir ki, SSRİ-nin dağılmasından sonra, bizim müstəqilliyə çıxdığımızdan 30 il ərzində İran tərəfindən ciddi şəkildə iş aparılır.

Your browser doesn’t support HTML5

Yasəmən Qaraqoyunlu: Qasim Süleymaniyə yas tutanların əksəriyyəti İranın beşinci kolonudur

Amerikanın Səsi: Azərbaycanda İranın mövcud hakimiyyətinə dəstək verən adamların motivləri haqda müşahidə etdikləriniz nədir? Sizcə, qonşu ölkənin dindar hökumət quruluşuna simpatiya haradan qaynaqlanır?

Dövlət fəlsəfəsi, siyasət fəlsəfəsi, ideologiyası olmadıqda orada müxtəlif dövlətlərin beşinci kolonları mövcud olur. Elə Azərbaycanda da İranın beşinci kolonu məhz ondan qaynaqlanır.

Yasəmən Qaraqoyunlu: Birinci növbədə eyni dinə mənsub olmaq, ikinci növbədə bir daha vurğulayıram, İranla eyni mədəniyyət, eyni tarix və eyni sivilizasiya identikliyini daşıdığımıza görə, Azərbaycanda İranı və Qasım Süleymanini bu savaşda müdafiə edən insanlar var. Amma bu, heç də bütün əksəriyyəti əhatə eləmir. Biz bilirik ki, İranda ermənilərin 59 məktəbi var. İranda 100 min erməni yaşayır. İki millət vəkili var. Ermənilərlə bağlı 14 soyqırımı tanıma abidəsi var. Ermənilərin burada 3 patrixanəsi var, 31-dən çox dini ibadət yerləri var, 9 kilsələri var. Təbii ki, bu Azərbaycanda İran rejiminə qarşı mənfi münasibəti formalaşdırır. Necə olur ki, 45 milyondan çox Azərbaycan türklərinin məktəbləri yox, onların dilində tədris olunmur.

Onlar ikinci dərəcəli azlıq durumuna salınır. Amma eyni zamanda ,Urmiya bölgəsində 1918-ci ildə ermənilərin soyqırıma uğratdığı 300 min türkün ruhunu və türk heysiyyatını tapdalayaraq, İranda ermənilər belə müdafiə olunur. Yəni Azərbaycanda İran rejiminə qarşı həm oradakı türklərə qarşı assimilasiya siyasəti, rasizm siyasəti, panfarsizm siyasətinə bir nifrət var. Həm də bu rejimin Ermənistanı dəstəkləməsi, Paşinyanı yüksək səviyyədə qəbul etməsi, İran içərisində ermənilərə dəstək verməsi və soyqırımı tanıması. Bu da təbii ki, Azərbaycanda indiki rejimə qarşı nifrət formalaşdırır. Məhz bu baxımdan Azərbaycanda həm də Süleymanini və İran rejimini müdafiə edən kəsimlərə qarşı da digər alternativ onları suçlayan kəsim formalaşıb. Onlar millətin əksəriyyətini təşkil edir. Süleymanini müdafiə edənlər azlıqdır. Amma İran rejimini, İran hökümətinin siyasətini, Süleymanini düşmən tərəf elan edən çoxluqdur Azərbaycanda. Nə qədər ki İranın beşinci kolonu Azərbaycandadır, bu simpatiya davam edəcək. Amma bu Azərbaycandakı ideoloji boşluqlardan, kimlik boşluqlarından da qaynaqlanır. Azərbaycanda ideoloji siyasəti bu 30 ildə yalnış oldu. Böyük kimlik böhranları oldu. Təbii ki, bir dövlətin dövlət fəlsəfəsi, siyasət fəlsəfəsi, ideologiyası olmadıqda orada müxtəlif dövlətlərin beşinci kolonları mövcud olur. Elə Azərbaycanda da İranın beşinci kolonu məhz ondan qaynaqlanır. Bizim burada doğru-dürüst ideologiyamız olmadığından İran bizim insanlarımıza təsir edir.

Amerikanın Səsi: Aparılan müşahidələr göstərdi ki, baş vermiş hadisə Azərbaycan cəmiyyətində İran Azərbaycanındakı prosesləri gündəmə gətirdi. Orada yüzlərlə fəal Sepah, ETTelaat tərəfindən tutulub saxlanıldığı, basqılara məruz qaldığı halda, bir çoxları İranın xüsusi xidmət orqanının generalı üçün matəm qurur. Bu təzadı necə izah edərdiniz?

Biz düşməni müdafiə edirik, amma Azərbaycan uğrunda canını fəda edən gənclərimizi müdafiə etmirik.

Yasəmən Qaraqoyunlu: Çox ilginçdir. Bəli, doğrudan da çox ilginç təzaddır. Baxın, biz bütöv Azərbaycan uğruna mübarizə aparırıq. Və güneyin azadlığı uğrunda mübarizə aparırıq. Çünki bizim torpaqlarımız bölünüb. Bölünmüş millət, bölünmüş vətən. Bir tərəfdən belə bir mübarizə gedir. Və eyni zamanda İran içərisində. Güney Azərbaycanın müstəqilliyi, Güney Azərbaycanda türk dillinin dövlət dili olması, türk dilində məktəb, türk dilində okul, güney azərbaycanlıların assimiliyasiyasına qarşı mübarizə aparan yüzlərlə gənclər və hətta öldürülən, asılan yüzlərlə gənclər Guzey Azərbaycanda bu qədər ciddi rezonans doğurmur, amma bir dənə Süleymani çox ciddi rezonans doğurur. Doğrudan da bu, çox ciddi Azərbaycan dövləti və cəmiyyəti üçün həyəcan doğuran bir məsələdir. Süleymani bizim düşmənimizdir. Ermənilərə dəstək verən, panfarsizmi, paniranizmi müdafiə edən, rejimin əsas şəxslərindən biri bizim düşmənimizdir. Biz düşməni müdafiə edirik, amma Azərbaycan uğrunda canını fəda edən gənclərimizi müdafiə etmirik. Burada Azərbaycan toplumunda öz taleyinə biganəlik, eyni zamanda, Azərbaycan davasını dərindən bilməmək, İranın içini dərindən bilməmək. Və bir daha vurğulayıram, Azərbaycan hökümətinin də diaspor siyasətinin uğurlu olmaması və vətənpərvərlik ruhunda yarıtmaz ideoloji boşluqlar buna gətirib çıxarır.

Bəli. Mən düşünürəm ki, biz hələ 10 il əvvəldən dəfələrlə çıxışlarımızda İran hökümətinə və İran cəmiyyətinə mesaj göndərirdik ki, daxildə demokratikləşmə və liberallaşma olmalıdır. Yəni, İranın içində yaşayan xalqların konstitusiyanın 15-ci maddəsi bərpa olunmalıdır, xalqların hüquqları tanınmalıdır, yerli özünüidarə hüquqları tanınmalıdır, parlamentdə franksiyaları olmalıdır və İran höküməti etnosları, İran içində yaşayan millətləri assimilyasiya etməməli, farslaşdırmamalıdır. Amma təəssüflər ki İran molla rejimi Rza xan Pəhləvinin siyasətini davam etdirərək, aşırı dərəcədə radikal parti siyasəti yeritdiyinə görə, bu, İran içərisindəki xalqların indiki fars rejiminə qarşı mübarizəsini körüklədi. İran çox böyük vaxt itirdi. Lliberallaşmadı, demokratəşmədi və bu gün, o, İran içərisində mərkəzdən qaçan qüvvələrin aktivləşməsinə səbəb olur. Proses belə gedirsə, artıq türklərlə farsların qarşıdurmaları var. Bu, traxtor oyunlarında, meydanlarında türk sloganlarında özünü göstərir. Artıq İran içərisində bir çat var. Və türk hərəkatı, güney hərəkatı günü-gündən güclənməkdə və yüksəlməkdədir. Mən belə baxıram ki, bu, İranın gələcəkdə parçalanması ilə nəticələnəcək.

Amerikanın Səsi: Azərbaycanda milli kimlik problemi varmı?

Güney Azərbaycanda sekulyarlaşma prosesi gedir. Quzey Azərbaycanda dinə sarılma desekulyasiya prosesi gedir. Quzey Azərbaycan surətlə şiələşdirilir. Güney Azərbaycanda isə dindən, şiəlikdən qaçış prosesi başlayır.

Yasəmən Qaraqoyunlu: Quzey Azərbaycanda milli kimlik problemi çox ciddidir. Baxın, SSR-nin çöküşündən sonra Quzey Azərbaycanın müstəqil olması, Əbülfəz Elçibəyin cümhuriyyət dönəmində olduğu kimi türk dili adını bərpa etməsi və türklük bilincinin formalaşması prosesi gedirdi. Lakin Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən sonra Heydər Əliyev dönəmində bütün Əbülfəz Elçibəy hökumətinin, eləcə də Rəsulzadə hökümətinin prinsip və dəyərləri ideoloji, belə deyək, dəyərləri və prinsipləri ləğv edildi. Heydər Əliyev Stalin prinsiplərini, belə deyək, bərpa etdi. Azərbaycan milləti və Azərbaycan dili. Güney Azərbaycanda da əks bir proses gedir. Güney Azərbaycanda türkliyə sarılma prosesi gedir. Baxmayaraq ki, nə qədər fars rejimi türklüyü qadağa edirsə, bir türkləşmə prosesi gedir. Dildə, ədəbiyyatda türkləşmə, məişətdə, mədəniyyətdə və kimlik şüurunda. Və Quzey Azərbaycanla Güney Azərbaycanda bir çat yaranır. Bu, bütövləşmək istəyən millətimiz arasında bir kimlik arayışı, böhranları yaradır. Amma bununla bərabər, bu, Quzey Azərbaycana çox böyük zərbə oldu. Quzey Azərbaycanda türklük bilincinin yox edilməsi nəticəsində dini bilinc yüksəlməyə başladı. Çox ilginc proses gedir. Güney Azərbaycanda sekulyarlaşma prosesi gedir. Quzey Azərbaycanda dinə sarılma desekulyasiya prosesi gedir. Quzey Azərbaycan surətlə şiələşdirilir. Güney Azərbaycanda isə dindən, şiəlikdən qaçış prosesi başlayır. Bütün bunlar təbii ki, Azərbaycanda kimlik böhranı yaratmaqdadır. Elə Azərbaycanda kimlik böhranı yarandığı üçün də Qasım Süleymaniyə yas tutanlar çoxalmışdır.

Milli kimlik önəmlidir. Bir millət kimliyini dərk etməlidir. Öz kimliyini dərk edəndə öz gələcək siyasi status kvosunu regionda, bölgədə, İran rejimi ilə münasibətdə, Amerika höküməti ilə münasibətdə öz gələcəyini aydın dərk edə bilir. Azərbaycanda son dönəmlərdə yüksələn xətlə inkişaf edən dini kimliyin yerinə, millik kimlik qabardırılmalıdır. Biz din toplumu deyilik. Biz dünyəvi bir toplumuq. Ona görə də milli kimlik, qürur, milli dəyərlər, tarix dini dəyərədən öncəyə keçilməlidir. Bunun üçün də hökümətin ciddi humanitar siyasəti olmalıdır. İdeologiya siyasəti olmalıdır. Mənim çalışdığım Elmlər Akademiyası da bu yönümdə çox ciddi fəaliyyət göstərməlidir.

Amerikanın Səsi: Xaricdən şiddətli təzyiqlərlə üzləşən İranda mövcud hakimiyyətin çökəcəyi təqdirdə İran Azərbaycanının gələcəyini necə görürsünüz?

İran parçalanarsa Güney Azərbaycan müstəqil dövləti hökmən qurulacaq

Yasəmən Qaraqoyunlu: Baxın, biz Pişəvəri dönəmində bütün Azərbaycan qurmaq uğrunda mübarizə apardıq. Baxmayarq ki, SSRİ dönəmində yazılan ədəbiyyatlarda, bu, Güney hərəkatı kimi təbliğ olunur. Bu həm də Güney Azərbaycan dövlətçiliyin qurulması uğrunda hərəkatdır. Amma həm də bütöv Azərbaycan hərəkatı idi. Çünki orada 3816 quzeyli iştirak edirdi, 52 qrup iştirak edirdi. Bütöv Azərbaycan hərəkatı idi. Tarixi fürsətlər nə zaman əlimizə düşürsə, Azərbaycan milli hərəkatı orada müstəqilliyi uğrunda mübarizə aparır. 1945-1946-cı ildə bizim əlimizə bu fürsət düşdü. Mübarizə apardıq. Təəssüflər olsun ki, bizim bu mübarizəmiz yatırıldı. Yatırılmasında SSR-i də rol oynadı. Elə Amerika höküməti çox ciddi rol oynadı ki, Şvartskopun rəhbərliyi ilə. Amma bu gün də bəli, İran içərisində bu çalxantılarda yenə də bizim məsələmiz aktualdır. İran içərisində rejim dəyişərsə və yaxud İran parçalanarsa, Güney Azərbaycan müstəqil dövləti hökmən qurulacaq. Amma bir məsələni qeyd etmək istəyirəm, bizim İran içərisində iki məsələmiz var. Biri torpaq, vətən məsələmizdir. Güney Azərbaycanın müstəqilliyi məsələsidir. Bir daha vurğulayıram, bizim coğrafiyamız da bölünüb. Dövlətimiz də bölünüb. Bizim birinci məsələmiz Güney Azərbaycanın müstəqilliyidir. Amma bununla yanaşı, İran içərisində Güney Azərbaycanın müstəqilliyi ilə bərabər, bir türk məsələmiz var. Niyə türk məsələmiz var? Ona görə ki, İranın tamamına bütün ərazilərinə türklər yayılıbdır. İran parçalanacağı təqdirdə o türklərin gələcəyi nə olacaq? O status nə olacaq. Bu da bizi çox ilgiləndirən məsələdir. Mən düşünürəm ki, Azərbaycan milli hərəkatı bu barədə də öz platformasını hazırlamalıdır. Son dönəmlər İran ərazisində yayılan türklər haqqında çox yayılan ciddi akademik kitablar çıxır. Çox ciddi araşdırmalar gedir. Məsələn, mən birini sizə göstərmək istəyirəm. Bu Rəcəb Albayrakın "Türklərin İranı" kitabıdır. Kitabın adı niyə belədir? Çünki burada İranın bütün kəndləri, şəhərləri bölgə-bölgə gəzilmiş və hansı bölgədə hansı türk boyları yaşayır hamısı elmi şəkildə yazılmışdır. Ona görə də bizim İran içərisində iki məsələmiz var. Azərbaycan məsələsi və türk məsələsi.

Amerikanın Səsi: Sizcə, istər Azərbacyan hökuməti, istərsə də Azərbaycan xalqı İranda baş verə biləcək dəyişikliklərə hazırdırmı?

Yasəmən Qaraqoyunlu: Azərbaycan xalqında Güneyin istiqlalı, İrandakı türklüyün azadlığı, bütöv Azərbaycan fikri artıq geriyə dönməz şəkildə inkişaf edib, yüksəlib. Azərbaycan xalqı hazırdır. Amma Azərbaycan hakimiyyəti hazır deyil. Çünki Azərbaycanın bu olaylar qarşısında nə edəcəyi hələ aydın deyil. Mən bu suala belə cavab verə bilərəm.