Son vaxtlar İran Azərbaycanı və ölkənin digər vilayətində on minlərlə müəllim Təhsil Nazirliyi binalarının önündə böyük etiraz aksiyaları təşkil olunub.
Your browser doesn’t support HTML5
Mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən güneyli fəal və Ərdəbil vilayəti məktəblərinin sabiq müəllimi Yaşar Əsədi etirazların əsasən maaşların çox aşağı olması səbəbilə keçirildiyini ifadə edir.
Milli-mədəni fəaliyyətləri üzündən müəllimlik işinə son verildiyini deyən Əsədi hazırda Türkiyədə mühacirətdə yaşayır. O, İranın bütün bölgələrində müəllimlərin üzləşdiyi problemlər, o cümlədən maddi çətinlikləri şərh etməklə yanaşı, qeyri-fars müəllimlərə məxsus problemlər haqqında da danışıb.
Günaz TV-nin əməkdaşı İranda müəllimlər tərəfindən böyük aksiyaların təşkil edilməsinin yeni olay olmadığını deyir:
Müəllimlərin bir çoxu məktəbdən sonra taksiçilik və fəhləlik kimi işlər görür... Bu müəllim olaraq onlarının işinin keyfiyətini azaldır. Onlar gün boyu başqa yerlərdə çalışmağa məcbur olduqları üçün ertəsi gün məktəbə hazırlıqlı gedə bilmirlər.Yaşar Əsədi
“Bu etirazlar keçmişdə də olmuş... Hər bir hökümət gəldiyində, istər islahatçı olsun, istər fundamentalist, belə etirazlar baş verib. Etirazların əsas nədəni aylıq maaşın az olmasıdır, müəllimlərin sığorta ücrətləri də çox yüksəkdir... Onlar ayrı-seçkiliyə məruz qalır.”
Onun dediklərinə görə, müəllimlər maaşlarının az olduğuna görə məişətlərini təmin etmək üçün əlavə olaraq başqa işlərdə də çalışmağa məcbur qalırlar.
“Müəllimlərin bir çoxu məktəbdən sonra taksiçilik və fəhləlik kimi işlər görür... Bu, müəllim kimi onların işinin keyfiyyətini azaldır. Onlar gün boyu başqa yerlərdə çalışmağa məcbur olduqları üçün ertəsi gün məktəbə hazırlıqlı gedə bilmirlər,” deyə güneyli fəal söyləyir.
Yaşar Əsədi həmçinin ölkədə bütün müəllimlərin qarşılaşdığı maddi problemlərdən əlavə qeyri-fars bölgələrinin müəllimlərinə məxsus problemlərdən də söz açır.
“Azərbaycanda, türklərin yaşadığı bölgələrdə müəllimlərin bir çoxu türk dilində tədris etmək istəyir,” deyə Yaşar Əsədi İranda türk dilində təhsilin qadağan olması səbəbilə ortaya çıxan çətinliklərin sadəcə şagirdlərin deyil, eyni zamanda müəllimlərin də problemi olduğunu önə çəkir.
2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi İranda qeyri-fars şagirdlərin qarşılaşdığı problemi belə izah edib: “Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Onların ana dili məktəbə girib birinci sinifi bitirdikdən sonra belə farscaya çevrilmir... Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sonuna qədər müvəffəqiyyəti əldə edə bilməyəcək.”
Yaşar Əsədi özü Ərdəbil vilayətinin Xiyav bölgəsində müəllim kimi çalışıb. O, milli-mədəni fəaliyyətləri, türk dilində şeirlər yayması və dil haqlarına dair kampaniyalara qatıldığı üçün işdən çıxarıldığını deyir.
“Türkcə şeir yazmaq, başqa milli fəallarla birlikdə ana dilində təhsil haqqına dair İran milli məclisinə məktub yazmaq kimi milli-mədəni fəaliyyətlərimdən dolayı işdən çıxarıldım... Mən bir türk müəllim olaraq İranda 30 milyon türkün ana dilində təhsil almaq kimi ilkin hüquqdan məhrum olmasına etiraz etdim...,” deyə o əlavə edir.
Yaşar Əsədi xüsusilə İranın qeyri-fars bölgələrində fəaliyyət göstərən müəllimlərin təhlükəsizlik qurumlarının təqib və təzyiqlərinə məruz qaldığını vurğulayır.