“Türk dili adının dəyişdirilərək Azərbaycan dili qoyulması və millətin adından türk adının götürülməsi, kimliklə bağlı Stalinist azərbaycanlı konseptinin mənimsənilməsi quzeyin özündə də bir kimlik böhranı yaratmışdır,” deyə Yasəmən Qaraqoyunlu Azərbaycan Respublikasının rəsmi kimlik siyasətinin güneydəki milli hərəkata zərər verdiyini vurğulayır. Milli Elmlər Akademiyasının əməkdaşı Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Respublikası toplumu, aydınları və siyasi şəraitinin İran Azərbaycanında cərəyan edən milli hərəkat üzərində buraxdığı təsiri dəyərləndirib.
Your browser doesn’t support HTML5
Azərbaycan Respublikasında güneylə bağlı təşkil olunan hardasa bütün toplantılara qatıldığını deyən Qaraqoyunlu bu tədbirlərdə Güney Azərbaycan Milli Hərəkatının indiki durumu, hərəkatın yanında və qarşısında olan qüvvələr, hərəkatın bölgədə buraxa biləcəyi potensial təsir, eləcə də İran-Azərbaycan və İran-Türkiyə əlaqələri kimi məsələlərin müzakirə edildiyini bildirir.
Quzeyin özündə kimlik böhranı yaranıbsa, əlbəttə ki bu öz təsirini Güney Azərbaycan hərəkatı üzərində də göstərəcəkdir. Bu güney və quzey arasındakı ayrılığı da dərinləşdirir.Yasəmən Qaraqoyunlu
Yasəmən Qaraqoyunlu Azərbaycan toplumunda güney məsələsinə dair mövcud olan diqqəti 20 il bundan öncəki durumla müqayisə edərək hazırda Güney Azərbaycan məsələsinə dəstəyin olduqca geniş olduğunu önə çəkir.
Lakin o hakimiyyət və toplumun güneyə dair mövqelərinin haçalandığını hesab edir:
“Quzey Azərbaycanda güneylə bağlı siyasəti iki hissəyə bölə bilərik. Aydınlar və xalq bu mübarizənin yanında və içindədir... Amma, hökümətin siyasətində Güney Azərbaycan ilə ilgili ardıcıl, planlı və məqsədyönlü bir siyasət yoxdur. Əksinə hətta, hökümətin siyasəti Güney Azərbaycan milli hərəkatına zərər verməkdə, zərbə vurmaqdadır.”
AMEA-nın elmi işçisi Azərbaycan Respublikasında rəsmi kimlik siyasətinin quzeydə kimlik böhranı yaratmaqla bərabər güneydəki milli mübarizəyə ə böyük zərər verdiyini müdafiə edir:
“Quzey Azərbaycanda kimliklə bağlı rəsmi siyasət Güney Azərbaycanın milli mübarizəsində və milli kimliyinin dərkində çox böyük zərər verir... Türk dili adının dəyişdirilərək Azərbaycan dili qoyulması və millətin adından türk adının götürülməsi, kimliklə bağlı Stalinist azərbaycanlı konseptinin mənimsənilməsi quzeyin özündə bir kimlik böhranı yaratmışdır. Quzeyin özündə kimlik böhranı yaranıbsa, əlbəttə ki bu öz təsirini Güney Azərbaycan hərəkatı üzərində də göstərəcəkdir. Bu güney və quzey arasındakı ayrılığı da dərinləşdirir.
Aydınlar bu siyasəti dəstəkləmir, buna qarşı çıxır. Amma, yazıqlar olsun ki Stalinist azərbaycanlı konsepti rəsmi şəkildə qəbul olunub. Toplum özünü türk bilir, amma siz təsəvvür edin məktəb və universitet dərsliklərində, Elmlər akademiyasında yazılan kitablarda artıq türk adı çıxarılırsa, yazılması qadağan olursa, xalq da rəsmi siyasətin basqısı altında olur.
Quzey Azərbaycanda kimliklə bağlı iki Azərbaycan modeli formalaşmışdır. Birincisi Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və Əbülfəz Elçibəyin öndərliyində türk millətini dominant alan, türk dili və türk millətinə söykənən ulus-dövlət modelidir. İkincisi Stalinist model, baş memarı Stalindir və bu gün də bu siyasət yürüdülür.”
Yasəmən Qaraqoyunlu Azərbaycanda rəsmi kimlik siyasətinə qarşı çıxanların sıxışdırıldığını söyləyir.
Quzey Azərbaycanda özünə türk deyən aydınlar iş yerlərində sıxışdırılmaqdadır. Onlara qarşı təzyiqlər var. Elmlər Akademisiyasında Yadigar Türkel bu yaxınlarda işdən çıxarıldı. Çünki, o türk dili və türk kimliyi adının götürülməsinə mətbuatda rəsmi şəkildə etiraz bildirdi. Bizi də buna görə çox hədələyirlər bu günlərdə.
“Azərbaycanda özünə türk deyən aydınlar iş yerlərində sıxışdırılmaqdadır. Onlara qarşı təzyiqlər var. Elmlər Akademisiyasında Yadigar Türkel bu yaxınlarda işdən çıxarıldı. Çünki, o türk dili və türk kimliyi adının götürülməsinə mətbuatda rəsmi şəkildə etiraz bildirdi. Bizi də buna görə çox hədələyirlər bu günlərdə... Hərkəs türk adının bərpasına qalxır onu dərhal sən konstitusiyanı pozursan deyə qorxudurlar,” deyə Qaraqoyunlu bəyan edir.
AMEA-nın əməkdaşı həmçinin İran Azərbaycanında türklərin qarşı-qarşıya olduğu problemin kökündə kimlik məsələsinin olduğunu vurğulayır:
“Problemin kökündə daha çox kimlik və milli qürur məsələsi durur. Çünki, xalq öz milli kimliyini dərindən dərk etsə siyasi kimlik də oluşdurular, təşkilatlanar və siyasi gücü formalaşdırar.”
Onun söylədiklərinə görə, toplumda türk kimliyi uğrunda mübarizə getdikcə genişlənsə də hələ toplumun böyük hissəsi o cümlədən, türk siyasətçilər və din xadimləri Güney Azərbaycan maraqları və türk kimliyini qorumaq istiqamətində bir iş görmürlər. Əhalinin bir qismı bu şüura sahib olub amma bu kütləvi şəkildə öz həllini tapmayıb.