Yasamalda ağac soyqırımı - sakinlərin narazılığı və ya həyətdə ofis icazəsi [Video]

Your browser doesn’t support HTML5

Yasamalda ağac soyqırımı - sakinlərin narazılığı və ya həyətdə ofis icazəsi

Yasamal rayonunda sakinlər ağacların kəsilməsinə və həyətlərində ofis tikintisinə etiraz edib
Martın 25-də Bakının Yasamal Parkı adlanan ərazisində yaşayış binalarının həyətində (Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14-cü binanın həyəti) ofis binası tikmək istəyən naməlum şəxslərlə yerli sakinlər arasında insident yaşanıb. Belə ki, naməlum şəxslər hansısa qurum üçün ofis binası tikmək üçün yaşıllıq ərazini hasarlamaq istəyib. Bu zaman sakinlər həmin şəxslərin qarşısına çıxıb və yaşadıqları evin divarlarına bitişik tikinti işlərinin aparılmasına imkan verməyib.

Tikinti aparacaq şəxslər qabaqcadan müəyyən hazırlıq işləri görüb. Sakinlərin dediyinə görə ərazidə 50-dək çoxillik ağaclar gecə saatlarında xəlvəti kəsilib. Sakinlərin şikayətlərinə baxmayaraq yerli hakimiyyət orqanları tədbir görməyib.

Yasamal rayon 22 saylı mənzil istismar sahəsinin müdiri Sabiq Məmmədov Amerikanın Səsinə bildirib ki, sakinlərin rəyi nəzərə alınmadan yaşayış sahəsinə bitişik 4 sot torpaq özəlləşdirilib. Maraqlıdır ki, həmin ərazidəki torpaqlar dövlət torpaqlarıdır və qanunvericiliyə görə icra hakimiyyəti orqanları dövlət torpaqlarının təyinatını dəyişdirə bilməz.

İnsident zamanı Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi əraziyə gəlib və bundan sonra tikinti materialları yığışdırılıb. Yerli icra hakimiyyətinin adını deməkdən imtina edən nümayəndəsi ərazidə bir daha tikinti aparılmayacağını bildirib.