İslam Dövləti qrupunun yaponlara verdiyi möhlət başa çatıb

İslam Dövləti qrupu tərəfindən iki yaponun azad edilməsi üçün tələb olunan 200 miliyon dollar ödənməsi möhləti başa çatıb.

Girovların taleyi haqda hələlik bir məlumat yoxdur.

Cümə günü səhər girov götürülənlərdən birinin anası Yaponiya hökumətindən oğlunun azad olunması üçün tələb olunan məbləğin verilməsini tələb edib.

Çərşənbə axşamı İslam Dövləti qrupu tərəfindən yayımlanan videoda deyilir ki, onlara 72 saat ərzində 200 miliyon dollar verilməsə, saxlanılanlar öldürüləcək.

Ana bildirib ki, onun oğlu İslam dininə dost idi və həyatını müharibə zonalarındakı uşaqlara həsr etmişdi.

Xarici işlər naziri Fumio Kişida bildirib ki, Yaponya girovların həyatını xilas etmək üçün əlindən gələni edir, amma terrorizmə təslim olmayacaq.

Yaponya Suriya və İraqda militantlara qarşı birbaşa mübarizə aparan koalisiyada iştirak etməyən ölkələr sırasındadır.