Yaponiyada torpaq sürüşməsi baş verib

Yaponiya rəsmiləri deyir ki, ölkənin cənub-qərbində yağan leysan yağışları səbəbilə baş verən torpaq sürüşmələri nəticəsində azı 100 nəfər ölüb.

Əlavə 65 nəfər itkin düşüb, xilaesdicilər isə Yaponiyanın qərbi və mərkəzində dağıntılar arasında sağ qalanlar və başqa qurbanların axtarışlarını davam etdirir.

“Leysan yağışları nəticəsində ölənlər və itkin düşənlərin sayı artıq 100-ü keçib. Biz xilasetmə personalının sayını 73 minədək artırmışıq”- deyə, Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Abe ilə birlikdə çıxış edən baş kabinet katibi Yoşihide Suqa deyib ki, onlarla torpaq sürüşməsi və digər fövqəladə vəziyyət üçün 48 min yanğınsöndürən, polis zabiti və ordu qüvvələri səfərbər edilib.

Rəsmilər deyib ki, Koçi prefekturasında üç saat ərzində 26,3 santimetr yağış yağıb. Bu isə 1976-cı ildə bu məlumatlar qeydə alındığından bəri ən yüksək göstəricidir.

1.3 milyondan çox insana evlərini təxliyə etmələrinə dair göstəriş verilib. Əlavə 3.1 milyon insana isə xəbərdarlıq edilib ki, onlar da evakuasiya edilməli ola bilər.

Metereoloji Agentlik çay səviyyəsinin artmasına və torpaq sürüşməsinə səbəb olan “tarixi” yağışlar səbəbilə nadir “fövqəladə xəbərdarlıq” elan edib.