Yaponiyada hücumda iki nəfər bıçaqlanaraq öldürülüb

Yaponiya rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı Tokio yaxınlığındakı şəhərlərin birində şübhəli şəxs məktəb avtobusunun daynacağında dayanan şəxslərə bıçaqla hücum edib. Hücum nəticəsində bir kişi və bir məktəbli qız ölüb, 16 məktəbli yaralanıb.

Hadisənin baş verdiyi ərazi bu gün güllərlə bəzədilib. Rəsmilərin dediyinə görə, mayın 28-i səhər saatlarında Kavasaki şəhərində hər iki əlində biçaq olan şəxs “Sizi öldürəcəm!“ qışqıraraq, avtobus dayanacağındakı məktəbli qızlara hücum edib.

Yaponiyanın baş naziri Şinso Abe hadisəyə reaksiya göstərərək, uşaqların qorunmalı olduğunu bildirib.

“Çox dəhşətli hadisədir. Hadisə qurbanlarının arasında azyaşlı uşaqların olması məni daha da qəzəbləndirir. Hadisə qurbanlarına dua edirəm və onların ailələrinə baş sağlığı verirəm”, baş nazir Şinso Abe deyib.

Verilən məlumata görə, hücum edən şəxs özünü də bıçaqlayaraq öldürüb. Hücum zamanı çoxu məktəbli olmaqla 16 nəfər yaralanıb.

Yaponiyada rəsmi səfərdə olan ABŞ prezidenti Donald Tramp da hərbi gəmini ziyarət edərkən hadisə qurbanlarına başsağlığı ifadə edib.

“Birinci xanım və öz adımdan Tokioda səhər baş vermiş hücumun qurbanlarına dualarımızı və başsağlığımızı göndərmək istəyirəm. Bütün amerikalılar Yaponiyanı dəstəkləyir və qurbanlara və onların ailələrinə başsağlığı verir”, Donald Tramp bildirib.

Şübhəli şəxsin kimliyi və hadisənin motivləri müəyyən edilməyib.