Hirosimada atom bombası partlayışından 70 il keçir

Avqustun 6-ı Birləşmiş Ştatların Yaponiyanın Hirosima şəhərinə atom bombası atmasından 70 il keçir. Hirosima və Naqasaki şəhərlərində atom bombası partlayışlarından bir neçə gün sonra Yaponiya təslim olmuş və İkinci Dünya Müharibəsinə son qoyulmuşdu.

On minlərlə insan Hirosimada bombanın atıldığı episentrə yaxın yerdə yerləşən Sülh Xatirə Parkında hadisə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıb.

Hirosimanın meri Kazumi Matsui dünyanın nüvə silahlarından təmizlənməsi üçün səyləri bərpa etməyə çağırıb.

Baş nazir Şinzo Abe deyib ki, Yaponiya atom bombası hücumuna məruz qalan yeganə ölkədir və nüvə silahlarından azad dünyanın yaradılması kimi unikal bir məsuliyyət daşıyır.

Hirosimada atom bombası patlayışı zamanı radiasiya və yanıqlar nəticəsində140 mindən insan həyatını itirmişdi. Naqasaki şəhərinə atılan ikinci atom bombasının partlayışı şəhərin təxminən 70 min sakininin ölümünə səbəb olmuşdu.

Vaşinqton hücumların İkinci Dünya Müharibəsinin sona çatmasını sürətləndirmək üçün zəruri olduğunu bildirmişdir. Naqasakidə bomba hücumundan altı gün sonra Yaponiyanın təslim olması ilə müharibə sona çatmışdı.